ADPU-nun rektoru Cəfər Cəfərov ali təhsil proqramlarının yenilənməsinə münasibət bildirib - ÖZƏL

Azərbaycanda ali təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyi nəzdində yeni ali təhsil proqramlarının hazırlanması üçün xüsusi Komissiyanın yaradılması, təhsilin inkişafına müsbət təsir göstərə bilər. Məqsəd – ali təhsil proqramlarını əmək bazarının aktual tələblərinə uyğunlaşdırmaq, innovativ və çevik məzmun formalaşdırmaqdır.
Komissiyanın yaradılması zərurəti texnologiyanın sürətlə inkişafı, yeni peşələrin və sahələrin meydana çıxması, eləcə də mövcud ixtisaslarda tələb olunan bacarıqların dəyişməsi bu ehtiyacı doğurur. Paralel olaraq, beynəlxalq təhsil standartlarına inteqrasiya, qlobal rəqabətliliyin təmin olunması və milli inkişaf strategiyasının dəstəklənməsi üçün ali təhsildə struktur və məzmun baxımından yenilənmələr qaçılmazdır. Bu kontekstdə Komissiyanın fəaliyyəti, ölkədə ali təhsilin keyfiyyətinin artırılmasına və gələcək tələblərə cavab verə biləcək kadrların hazırlanmasına xidmət edir.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor, Yeni təhsil proqramlarının hazırlanması üzrə Təhsil İxtisasları Komissiyasının həmsədri Cəfər Cəfərov Crossmedia.az-a açıqlama verib. O, Yeni ali təhsil proqramlarının hazırlanmasındakı məqsədlərdən danışıb: “Ali təhsil sistemində adətən hər 5 ildən bir müasir çağırışlar və gələcək inkişaf meyilləri əsasında bakalavriat və magistratura səviyyəsində təhsil proqramlarının yenilənməsi üçün Elm və Təhsil Nazirliyinin tərkibində Komissiya, Komissiyanın tabeliyində isə müxtəlif ixtisas qrupları üzrə İşçi qrupları formalaşdırılır ki, onlardan biri də Təhsil ixtisasları üzrə işçi qrupudur. Sonuncu dəfə təhsil proqramları bakalavriat səviyyəsində tam halda 2020-ci ildə, magistratura səviyyəsi üzrə isə əsasən 2012-ci ildə yenilənib və ötən dövrdə baş verən yeniliklər, iqtisadi-siyasi reallıqlar, qabaqcıl dünya təcrübəsi və əmək bazarının dinamikası nəzərə alınmaqla qanunvericiliyə müvafiq olaraq, təhsil proqramlarının yenilənməsi üçün İşçi qruplar fəaliyyətə başlamışdır. İşçi qruplarına biri əlaqədar baza ali təhsil müəssisəsinin rəhbəri, digəri isə əmək bazarının nümayəndəsi olmaqla 2 nəfərdən ibarət həmsədr rəhbərlik edir. Təhsil ixtisasları üzrə İşçi qrupuna mən və əmək bazarından "Hədəf" şirkətlər qrupunun baş içraçı direktoru dosent Şəmil Sadıqov rəhbərlik edir. İşçi qrupunda pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilən 21 ali təhsil müəssisəsindən 143 nəfər, bu universitetlərin əməkdaşlıq etdiyi əmək bazarı nümayəndələrindən isə 84 nəfər olmaqla 227 nəfər təmsil olunur. Qrup üzvləri ixtisas istiqamətləri üzrə 12 alt qrupda fəaliyyət göstərir”.
Professor Cəfər Cəfərovun rəhbərlik etdiyi Təhsil ixtisasları qrupundakı çalışmalardan danışıb: “Artıq qeyd etdiyimiz kimi müvafiq komissiyanın yaradılması haqqında elm və təhsil naziri Emin Əmrullayevin əmri və komissiyanın ilk iclasında işçi qruplarının yaradılması haqqında qərarından dərhal sonra operativ olaraq Təhsil ixtisasları üzrə İşçi qrupunun formalaşdırılmasına başlanılıb. Keçən dövr ərzində İşçi qrupun 5 iclası keçirilib. İclaslarda iş planına əsasən, müvafiq 12 altqrupun təklifləri əsasında magistratura səviyyəsində Pedaqogika ixtisasına daxil olan ixtisaslaşmaların yenilənmiş siyahısı işlənərək hazırlanıb və təsdiq üçün nazirliyə təqdim olunub. Eləcə də, İşçi qrupu tərəfindən "Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının Çərçivə Sənədi" hazırlanaraq, təsdiq üçün nazirliyə təqdim edilib. 16 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyində Yeni təhsil proqramları üzrə Komissiyanın iclası olmuş, magistratura üzrə ixtisaslaşmalar və müvafiq çərçivə sənədi təsdiq edilmişdir. Həmçinin, Komissiyada yeni təhsil proqramları ilə bağlı İşçi qrupların atacağı növbəti addımlar müəyyən olunub. Növbəti mərhələ olaraq, Pedaqogika ixtisası üzrə, eləcə də digər bloklarda olan təhsil sahəsi ilə bağlı təqdim olunan ümumilikdə 39 ixtisaslaşma üzrə proqram və fənn təlim nəticələrinin hazırlanmasına start verilib. Artıq may ayının ortalarından ixtisaslaşmalar üzrə ilkin təlim nəticələrinin, eləcə də fənnlərin təlim nəticələri üzrə tədqiqat metodları, akademik yazı və dürüstlük və layihələrin idarə olunması kimi fənnlərin təlim nəticələrinin yazılmasına başlanılıb. Hazırda isə, təhsil ixtisasları qrupunda magistratura səviyyəsi üzrə təhsil proqramının proqram və təlim nəticələri yekunlaşdırılır. Gələn həftədən etibarən ali təhsil müəssisələrinin magistratura üzrə təqdim edilmiş layihələrinin alt işçi qruplarda müzakirə edilib, yekun variantın ortaya çıxarılması və təsdiq üçün Elm və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur. Yeni təhsil proqramları üzrə kadr hazırlığına növbəti tədris ilindən başlanması nəzərdə tutulur. Bakalavriat səviyyəsindəki ixtisasların yenilənməsinə isə növbəti tədris ilindən başlanılması nəzərdə tutulur. Həm bakalavriat, həm də magistratura üzrə yenilənmiş ixtisaslar və proqramlar üzrə 2025/2026-cı tədris ilindən etibarən qəbul və kadr hazırlığına başlanılması planlaşdırılır”.
Ayhan Ağarzayev
13:10 31.05.2025
Oxunuş sayı: 21808