Laçından yüksələn strateji üçlük

2025-ci il mayın 28-də Laçında baş tutan üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan Zirvə Görüşü təkcə diplomatik və strateji əməkdaşlığın növbəti mərhələsi deyil, həm də regionda dəyişən güc balansının, yeni dünya düzənində formalaşan regional mərkəzlərin bir simvolu kimi tarixə düşdü. Bu görüş, xüsusilə də seçilən zaman və məkan çərçivəsi ilə, Azərbaycan Respublikasının regionda lider güc olaraq artan mövqeyini və Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasətin uğurlarını parlaq şəkildə nümayiş etdirdi. Laçının seçilməsi sadəcə coğrafi məqam deyildi. Üç onillik ərzində işğal altında qalmış bu şəhərin azad olunması və burada belə yüksək səviyyəli görüşün keçirilməsi Azərbaycan xalqının zəfər rəmzidir. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz geosiyasi təşəbbüs imkanlarını geri alıb. Bu gün artıq Azərbaycan Laçını yalnız bərpa etmir – o, Laçını qlobal siyasi mərkəzə çevirir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli ittifaq regional əməkdaşlığın klassik anlayışlarını aşaraq, yeni tipli siyasi və iqtisadi inteqrasiyanın konturlarını müəyyənləşdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildən bəri bu əməkdaşlıq formatı dərinləşməkdədir. Əvvəlki görüşdə əsasən siyasi niyyətlər ifadə olunmuşdursa, bu dəfə konkret layihələr, razılaşmalar və strateji yönlər üzrə fəaliyyət planları müzakirə olundu. Bu, artıq əməkdaşlıqdan strateji tərəfdaşlığa, oradan isə potensial hərbi və iqtisadi ittifaq modelinə keçidin sübutudur. Görüşdə əsas müzakirə mövzuları nəqliyyat və enerji layihələri, müdafiə sənayesi və təhlükəsizlik, eləcə də regional sabitliyin təmin olunması idi. Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusilə vurğulandı – bu dəhliz yalnız Azərbaycan üçün deyil, Türkiyə və Pakistan üçün də Asiyadan Avropaya uzanan yeni iqtisadi yolun əsas sütunlarından birinə çevrilir. Bu cür layihələr regionda Azərbaycanın tranzit və enerji habı kimi mövqeyini daha da gücləndirir. Beynəlxalq münasibətlər müstəvisində isə bu sammit Azərbaycanın balanslı və çoxqütblü siyasətinin uğur nümunəsi kimi çıxış edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə qazanılan beynəlxalq nüfuz, indi konkret geosiyasi reallıqlarla təsdiqlənir. Azərbaycanın təşəbbüsü ilə formalaşan bu yeni əməkdaşlıq formatı – nə NATO, nə ŞƏT, nə də digər klassik alyanslar çərçivəsində deyil – müstəqil dövlətlərin bərabərlik və qarşılıqlı hörmət prinsipi ilə qurduğu ittifaq modelidir. Bu həm də Türk və İslam dünyası üçün strateji çağırışdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu əməkdaşlıq təkcə iqtisadi maraqlara deyil, həm də ortaq mədəniyyət, dəyərlər və tarixə söykənir. Bu baxımdan, Laçında keçirilən Zirvə görüşü yalnız bir diplomatik akt deyil, həm də milli ideologiyanın, milli iradənin və milli gücün simvolik təcəssümüdür. Əlbəttə, istənilən ittifaqın qarşısında çağırışlar da olur. Türkiyənin iqtisadi vəziyyəti, Hindistan-Pakistan münasibətləri, regionda Qərbin və Rusiyanın maraqları, İranın ehtiyatlı yanaşması – bütün bunlar əməkdaşlığın sabitliyinə təsir edə biləcək amillərdir. Amma bu dəfə fərqli olan odur ki, Azərbaycan artıq hadisələrin müşahidəçisi yox, təşəbbüskar oyunçusudur. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən sənədlər və qarşılıqlı sərmayə niyyətləri (Azərbaycanın Türkiyədə 20 milyard, Pakistanda 2 milyard dollarlıq yatırımları) göstərir ki, bu birlik yalnız siyasi niyyətlərlə məhdudlaşmır – ortaq iqtisadi gələcək inşa edilir. Bu isə üç ölkəni yalnız qardaş deyil, strateji müttəfiqlərə çevirir. Nəticə etibarilə, Laçında baş tutan bu sammit Azərbaycanın dövlətçilik tarixində, Prezident İlham Əliyevin xarici siyasətində və bütövlükdə regionun geosiyasi mənzərəsində dönüş nöqtəsi oldu. Azərbaycanın yaratdığı bu yeni əməkdaşlıq modeli – milli maraqlara əsaslanan, ədalətə söykənən və gələcəyə yönələn – XXI əsrin yeni inteqrasiya nümunəsidir. Və bu nümunənin mərkəzində Azərbaycan dayanır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
15:31 30.05.2025
Oxunuş sayı: 5745