Qadınlar üçün yeni imkanlar - qanunda nələr dəyişir?
Müasir dövrdə gender bərabərliyinin təmin olunması yalnız sosial ədalət məsələsi deyil, həm də dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.
Bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsi, əmək bazarında bərabər imkanların yaradılması və qadınların sosial-iqtisadi fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Qanunvericilik sahəsində aparılan ardıcıl islahatlar göstərir ki, gender məsələlərinə yanaşma artıq daha sistemli və kompleks xarakter alıb.
Xüsusilə, əmək münasibətləri kontekstində bərabərliyin təmin olunması, institusional mexanizmlərin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırma prosesi bu sahədə keyfiyyətcə yeni mərhələnin formalaşdığını deməyə əsas verir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Milli Məclisdə müzakirəyə çıxarılan dəyişiklikləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna təklif olunan əlavələr ölkəmizdə gender bərabərliyinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək istərdim ki, bu qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2026–2028-ci illər üzrə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir. Layihə geniş hüquqi təhlillər əsasında hazırlanıb və beynəlxalq təcrübə nəzərə alınmaqla formalaşdırılıb.
Dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və xüsusilə işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib. Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğundur və Azərbaycanın bu sahədə götürdüyü öhdəliklərə tam cavab verir.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması gender bərabərliyi istiqamətində atılan mühüm addımlardan biridir. Bu məqsədlərin həyata keçirilməsi üçün milli səviyyədə koordinasiya mexanizmləri yaradılıb və dövlət proqramları həmin hədəflərlə uzlaşdırılıb.
Eyni zamanda, Dünya Bankının “Qadınlar, biznes və hüquq” hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması həyata keçirilən islahatların real nəticəsidir və gələcək inkişaf üçün mühüm zəmin yaradır.
Bununla yanaşı, hesab edirəm ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin olunması və ailə ilə iş arasında balansın qorunması istiqamətində əlavə addımların atılması vacibdir.
Xüsusilə, vurğulamaq istəyirəm ki, eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi yalnız qanunvericilikdə deyil, praktikada da tam şəkildə təmin olunmalıdır.
Bundan başqa, əməyin obyektiv qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi və qəbul edilən dəyişikliklərin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir. Bu, həm dövlət, həm də özəl sektorda şəffaflığın artırılmasına xidmət edəcək.
Hesab edirəm ki, gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün “gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi və “xüsusi tədbirlər” anlayışının daha konkret şəkildə tənzimlənməsi vacibdir. Bu addımlar qəbul ediləcək qərarların daha əsaslandırılmış və effektiv olmasına imkan verəcək".
Elmir Heydərli
11:37 13.04.2026
Oxunuş sayı: 524