Dezinformasiya tələsi - Saxta xəbərlərin arxasında kimlər dayanır?
Son dövrlərdə informasiya məkanında sürətlə yayılan və geniş auditoriyaya təsir göstərən xəbərlər fonunda dezinformasiya halları da nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Xüsusilə, regional gərginliklərin müşahidə olunduğu məqamlarda sosial media platformalarında təsdiqlənməmiş və reallığı əks etdirməyən məlumatların yayılması ictimai rəyə ciddi təsir göstərərək yanlış qənaətlərin formalaşmasına səbəb olur.
Bu cür məlumatlar yalnız informasiya xaosu yaratmaqla kifayətlənmir, eyni zamanda müəyyən maraqlara xidmət edən manipulyasiya alətinə çevrilir.
Belə bir şəraitdə rəsmi qurumların mövqeyi və operativ reaksiyası xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin düzgün məlumatlandırılması, etibarlı mənbələrə istinadın təşviqi və informasiya təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan, məsuliyyətli informasiya paylaşımı həm media subyektləri, həm də sosial şəbəkə istifadəçiləri üçün əsas prinsip kimi önə çıxır.
Məsələ ilə bağlı Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəyli Heydərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son illərdə Azərbaycanda media savadlılığı istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Bu layihələrin əsas məqsədi dezinformasiyaya və saxta xəbərlərə qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi və şübhəçi yanaşma vərdişlərinin formalaşdırılmasıdır.
Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, bəzən həm ayrı-ayrı media subyektləri, həm də ictimai nüfuz sahibi olan şəxslər tərəfindən təsdiqlənməmiş məlumatlar paylaşılır. Bu isə nəticə etibarilə dezinformasiyanın və saxta xəbərlərin yayılmasına zəmin yaradır.
Məhz bu səbəbdən Medianın İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq ictimaiyyətə çağırışlar edilir, vətəndaşlar ayıq-sayıq olmağa, dezinformasiyaya, saxta və “deepfake” tipli məlumatlara inanmamağa dəvət olunur.
Şübhəsiz ki, media subyektləri bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməli, yayılan hər bir məlumatı dəqiqliklə yoxlamalıdırlar. Çünki hər hansı yanlış və ya saxta məlumatın yayılması cəmiyyətdə çaşqınlıq və yanlış təsəvvürlər formalaşdıra bilər.
Eyni zamanda qeyd edilməlidir ki, media savadlılığı layihələrinin uğurla icra olunması nəticəsində son dövrlərdə Azərbaycan media məkanında bu tip halların müəyyən qədər azalması müşahidə olunur.
Bununla yanaşı, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi xarici mənbələr, o cümlədən Telegram platformasında fəaliyyət göstərən, mənşəyi məlum olmayan kanallar vasitəsilə ölkəmizlə bağlı dezinformasiyalar yayılır.
Bu cür məlumatlar əsasən müxtəlif ölkələrdən – o cümlədən Rusiya, İran və bəzi Avropa dövlətlərindən idarə olunan informasiya resursları vasitəsilə dövriyyəyə buraxılır.
Məsələn, guya Azərbaycanın hansısa istiqamətə raket zərbəsi endirməsi ilə bağlı yayılan xəbərlər, tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır. Bu iddiaların heç bir faktiki əsası yoxdur və məqsəd yalnız ictimai rəyə təsir göstərməkdir.
Azərbaycan rəsmi olaraq dəfələrlə bəyan edib ki, regiondakı hər hansı münaqişədə tərəf deyil və öz ərazisindən başqa ölkələrə qarşı hərbi fəaliyyət həyata keçirilməsi mümkün deyil. Ölkəmiz bu mövqeyinə sadiq qalaraq neytrallığını qoruyub saxlamışdır.
Belə bir şəraitdə Azərbaycana qarşı mənfi informasiya kampaniyası aparan qüvvələr tərəfindən saxta xəbərlərin yayılması davam etdirilir. Bu baxımdan Medianın İnkişafı Agentliyinin operativ reaksiyası, yayılan məlumatların saxta olduğunu vaxtında ictimaiyyətə çatdırması dezinformasiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Nəticə etibarilə, jurnalistlər və media subyektləri bu kimi hallarla qarşılaşdıqda məlumatları mütləq şəkildə yoxlamalı, onların doğruluğunu araşdırmalı və yalnız təsdiqlənmiş informasiyanı ictimaiyyətə təqdim etməlidirlər. Heç bir halda təsdiqlənməmiş xəbərlərin yayılmasına yol verilməməlidir".
Elmir Heydərli
12:17 13.04.2026
Oxunuş sayı: 824