Dağınıq skleroz yoluxucu deyil - Nevroloq

Mayın 30-u dünyada Beynəlxalq Dağınıq Skleroz Günü kimi qeyd olunur. Bu günün məqsədi dağınıq skleroz xəstəliyi barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrin üzləşdiyi çətinliklərə diqqət çəkməkdir. Dağınıq skleroz sinir sistemini zədələyən, əksər hallarda gənc yaşlarda aşkarlanan xroniki xəstəlikdir. 2025-ci ilin kampaniyası “Mənim DS Diaqnozum” devizi ilə erkən və düzgün diaqnozun əhəmiyyətini vurğulayır. Azərbaycanda da bu sahədə dövlət proqramları həyata keçirilir və xəstələrə müvafiq tibbi dəstək göstərilir. Mövzu ilə bağlı nevroloq Qalib Əsədov Crossmedia.az-a açıqlama verib.
Qalib Əsədov bilirib ki, dağınıq skleroz (DS) mərkəzi sinir sisteminə (MSS) aid olan xəstəlikdir. MSS beyin və onurğa beyindən ibarətdir. MSS-dəki sinir lifləri mielin adlı qişa ilə örtülür. Bu qişa sinir liflərini əhatə edir, qoruyur və impulsların düzgün ötürülməsini təmin edir.
Nevroloq Qalib Əsədovun sözlərinə görə, DS zamanı həmin mielin qişası zədələndiyindən beynin və onurğa beyninin göndərdiyi sinir impulslarının orqanlara çatdırılması pozulur. Bu isə müxtəlif kliniki əlamətlərin yaranmasına səbəb olur.
Qalib Əsədov bildirib ki, xəstəliyin yaranmasına səbəb olan amillər müxtəlifdir. Bunlara əvvəllər keçirilmiş virus infeksiyaları, bəzi zəhərli maddələrlə qidalanma vərdişləri, orqanizmin müdafiə sistemində pozğunluqlar, genetik meyillilik, coğrafi amillər və digər faktorlar daxildir. “Xəstəliyə ən çox 20-40 yaş arası insanlarda rast gəlinir, lakin bəzi hallarda 10 yaşa qədər erkən başlanğıc və ya 40 yaşdan sonra da müşahidə edilə bilər” – deyə nevroloq qeyd edib.
Q.Əsədovun sözlərinə görə, dağınıq skleroz qadınlarda kişilərə nisbətən daha çox qeydə alınır. Əgər ailə anamnezində bu xəstəlik varsa, həmin şəxslərdə rast gəlmə riski daha yüksək olur. O əlavə edib ki, dağınıq skleroz yoluxucu xəstəlik deyil.
Nevroloq bildirib ki, xəstəliyin başlanğıc mərhələsində xəstələr daha çox ümumi zəiflik, tez yorulma, başgicəllənmə, müvazinətsizlik, gözdə ikiləşmə və görmə qabiliyyətində azalma kimi əlamətlərdən şikayətlənirlər. Onun sözlərinə görə, müayinə zamanı sümüküstlüyü reflekslərinin yüksəldiyi və patoloji reflekslərin meydana çıxdığı müşahidə olunur.
Q.Əsədov əlavə edib ki, xəstənin yerişi adətən sərrast olmur və onlar tez-tez tarazlıqlarını itirərək yıxılırlar. MSS-nin hansı nahiyəsinin zədələndiyindən asılı olaraq müxtəlif kliniki simptomlar ortaya çıxır.
Nevroloqun sözlərinə görə, dağınıq sklerozun əsas əlamətləri halsızlıq, hissiyyatın zəifləməsi, koordinasiya pozğunluğu, müvazinət problemi, görmə zəifliyi, nistaqm (göz almasının qeyri-iradi hərəkətləri), əzələlərdə sərtləşmə (spastika), titrəmə, nitq pozğunluğu, həzm və sidik-cinsiyyət sistemlərində problemlər, istiyə qarşı həssaslıq və koqnitiv (idrakla bağlı) dəyişikliklərdir.
Qalib Əsədov vurğulayıb ki, xəstəliyin erkən mərhələsində düzgün diaqnoz qoyulub, lazımi müalicə təyin edildikdə, müsbət nəticələr əldə olunur. “Dəqiq diaqnoz qoyulduqda, lazımi müalicə kursu təyin edildikdə xəstə uzun illər normal həyatına davam edir” – deyə o bildirib.
Nevroloq əlavə edib ki, bəzi hallarda xəstəlik nisbətən yüngül formada keçir və müalicəyə yaxşı cavab verir. Lakin bəzi hallarda xəstəlik sürətlə irəliləyir və bir neçə il ərzində xəstənin əmək qabiliyyəti tamamilə itə bilər.
“Yuxarıda sadalanan əlamətləri hiss etdikdə dərhal həkimə müraciət olunmalıdır” – deyə Q.Əsədov tövsiyə edib.
Sonda nevroloq qeyd edib ki, dağınıq sklerozdan əziyyət çəkən şəxslərin qidalanması vitaminlərlə zəngin və keyfiyyətli olmalıdır. Bu, xəstəliyin gedişinə və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.
Fatimə Nəbiyeva
13:18 30.05.2025
Oxunuş sayı: 868