Pakistan İsraili tanımaq niyyətində olmadığını bəyan edib
Pakistan İsraili tanımaq imkanını bir daha rədd edib. Bu barədə ölkənin xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra açıqlama verib.
Crossmedia.az xəbər verir ki, nazirin sözlərinə görə, Pakistanın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim Sazişlərinə qoşulacağı ilə bağlı müxtəlif şayiələr yayılsa da, İslamabadın mövqeyi dəyişməz olaraq qalır. O bildirib ki, Fələstin məsələsi ilə bağlı əsas tələblər yerinə yetirilmədən İsrailin tanınması gündəmdə deyil.
İshaq Dar vurğulayıb ki, Pakistan yalnız 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından sonra İsraili tanımaq məsələsini nəzərdən keçirə bilər.
Xarici işlər naziri əlavə edib ki, Fələstin xalqına və Qəzza zolağı sakinlərinə dəstək Pakistanın uzunmüddətli xarici siyasət kursunun ayrılmaz hissəsidir və bu mövqedə hər hansı dəyişiklik planlaşdırılmır.
15:38 31.05.2026
Oxunuş sayı: 50