Bu proses Erməni Apostal Kilsəsini narahat edir - AÇIQLAMA

Qərbi Azərbaycan İcması 23 may 2025-ci ildə yayımladığı bəyanatla Erməni Apostol Kilsəsinin qərarını sərt şəkildə tənqid edib. İcma bu qurumun dini və mədəni irsin qorunmasına töhfə vermək əvəzinə azərbaycanlılara qarşı nifrət və ayrı-seçkilik siyasəti yürütməsini qınayır.
Bəyanatda vurğulanır ki, Erməni Apostol Kilsəsi öz mövqeyi ilə humanizm prinsiplərindən uzaq, siyasi məqsədlərə xidmət edən bir qurum kimi çıxış edir. Bununla yanaşı, onların Qərbi Azərbaycan icmasının haqlı qayıdışına və dini etiqad azadlığına qarşı çıxması narahatlıq doğurur.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kilsəsinin nifrət dolu və diskriminasiya yönümlü addımlarına qarşı mövqe nümayiş etdirməyə çağırır. Məqsəd xalqlar arasında sülhün və qarşılıqlı anlaşmanın bərpasına töhfə verməkdir.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan icmasının üzvü Əfqan Vəliyev Crossmedia.az-a açıqlama verib.
Ekspert ilk olaraq vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi əlahədə iclasda İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan qazısının səslənməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi Ermənistan ictimaiyyətini narahat edib:
“Buna reaksiya olaraq ilk açıqlama Erməni Apostol Kilsəsindən gəlib və bu, gözlənilən idi. Çünki Erməni Apostol Kilsəsi siyasiləşmiş bir mövqe nümayiş etdirir. O, tolerantlığını itirib və tarix “Böyük Ermənistan” xülyasının reallaşmasına xidmət edib. Kilsənin bu mövqeyini biz Qarabağ müharibəsində, Qarabağın işğal edildiyi dövrdə də gördük. O, nəinki Qarabağda, eyni zamanda Qərbi Azərbaycanda da 1990-1991-ci ildən əvvəl azərbaycanlıların qovulması, separatçılığın təşviqi və terror hadisələrinin törədilməsi prosesində birbaşa iştirak edib. Kilsənin ideoloji və siyasi təsiri nəticəsində azərbaycanlılar öz doğma torpaqlarından sıxışdırılıb çıxarılıb. Bununla yanaşı, Qərbi Azərbaycandakı Azərbaycan abidələrinin, xüsusilə alban məbədlərinin erməniləşdirilməsi prosesi Erməni Apostol Kilsəsi tərəfindən həyata keçirilib. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində islam abidələrinin dağıdılmasına göz yumur. Kilsənin əsas məqsədi “türksüz” və “azərbaycansız” Ermənistan yaratmaqdır”.
Onun sözlərinə görə, onlar buna 1987-1991-ci illərdə nail olub və Erməni Apostol Kilsəsi himayədarlığı ilə azərbaycanlıların öz tarixi torpaqlarından çıxarılması prosesi həyata keçirilib:
“Qərbi Azərbaycanda çox sayda alban məbədi və xristian qıpçaq türklərinə aid məbədlər erməniləşdirilib və erməni abidəsi kimi təqdim edilib. Bu, həm tarixi dəyərlərə hörmətsizlik, həm də siyasi motivli bir hərəkatdır. Bu da onu göstərir ki, Erməni Apostol Kilsəsi siyasiləşib və artıq siyasi bəyanatlar verməklə ona münasibət bildirməklə, eyni zamanda irqçi mövqe nümayiş etdirməklə öz mövqeyini həmişə ortaya qoyub. I və II Qarabağ müharibələrində kilsə açıq şəkildə işğalçı siyasəti dəstəkləyib və hal-hazırda Qərbi Azərbaycanda müsəlman irsinin, islam abidələrinin məhv edilməsinə göz yumur. Hətta bu dağıntı prosesinin arxasında bilavasitə Erməni Apostol Kilsəsi dayanır.
Beynəlxalq ictimaiyyət bu gün Qərbi Azərbaycanda azərbaycanlıların milli-mənəvi dəyərlərinə qarşı hörmətsizliyi görməli, dağıdılmış məscidlərin, türbələrin, sərdabələrin, qəbirüstü abidələrin və digər ziyarətgahların bərpası üçün konkret addımlar atmalıdır. Yüzlərlə dəyişdirilmiş Azərbaycan toponimi öz tarixi adına qaytarılmalı, UNESCO və digər beynəlxalq təşkilatlar azərbaycanlılara məxsus maddi-mədəni irsin erməni vandallığı tərəfindən dağıdılmasına qarşı tədbirlər görməlidir. 1918-1920-ci illərdə Erməni Apostol Kilsəsi daşnak terror dəstələrinə dəstək verərək azərbaycanlılara qarşı soyqırım siyasətini müdafiə edib. Bu mövqeyi hər zaman bu qaydada nümayiş etdirilib və bu da onların iç üzünü göstərir”.
Erməni Apostol Kilsəsi tolerant və multikultural dəyərlərə zidd hərəkətlər edir:
“Xalqları birləşdirici sülh mövqeyindən çox, onları nifaq və ayrı-seçkiliyə təşviq edir. Bu baxımdan, kilsənin mövqeyi doğru deyil və eyni zamanda sülh prosesinə mənfi təsir göstərir. Qərbi Azərbaycana qayıdış prosesi təbii bir prosesdir. Qərbi azərbaycanlıların qayıdış hüququ onların ən əsas haqqıdır, çünki onlar uzun illər bu ərazinin əsas sakinləri kimi yaşayıblar. Onların malı, mülkü, mənəvi və mədəni dəyərləri bu ərazidədir. Qərbi azərbaycanlılar öz doğma yurdlarına, evlərinə qayıtmağa idialıdırlar. Onların Ermənistan dövlətinin hər hansı bir ərazisində iddiaları yoxdur. Qərbi azərbaycanlılar öz evlərinə qayıdıb sülh şəraitində yaşamaq istəyirlər. Görünür ki, bu proses Erməni Apostal Kilsəsini narahat edir. İrəvan Qazılığının yaradılması məhz Qərbi azərbaycanlıların qayıdışı istiqamətində atılan addımlardan biridir. Onların orada öz maddi, mənəvi və milli dəyərlərinə sahib çıxması baxımından qazılığın bərpası və fəaliyyəti uğurlu olacaq. Bu proseslərin təmin olunmasını yüksək qiymətləndirirəm”,- deyə Ə.Vəliyev fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
16:30 29.05.2025
Oxunuş sayı: 13070