“Laçın hava limanının açılması dünyaya verilən önəmli mesajdır” - DEPUTAT

Laçın Hava Limanının açılışı təkcə mühüm bir infrastruktur layihəsinin reallaşması deyil, həm də Azərbaycan Respublikasının geosiyasi arenada artan mövqeyinin, uğurlu diplomatik siyasətinin və dərinləşən beynəlxalq qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu əlamətdar tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı, verilən mesajlar və nümayiş etdirilən həmrəylik bölgədəki strateji əməkdaşlıq formatlarının nə dərəcədə gücləndiyini bir daha təsdiqlədi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a Azərbaycan-Türkiyə-Pakistan qardaşlığıq münasibətlərindən danışıb:
“Dünən Laçın hava limanının açılması, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan baş naziri Şahbaz Şərifin orda iştirakı, verilən bəyənatlar olduqca önəmlidir. Tarix boyu hər üç xalq bir-birinin yanında olub və Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı tarixin sınağından çıxmış qardaşlıqdır. Laçın hava limanının inşası və açılışı sıradan bir məsələ deyil. Bu gün dünyada çox ağır siyasi proseslər gedir. Bu ağır siyasi proseslər fonunda Laçın hava limanının açılması dünyaya verilmiş növbəti önəmli mesaj, Azərbaycanın qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olmasının ifadəsi idi. Vətən müharibəsi zamanı hər zaman Türkiyə Azərbaycanın yanında olub, Pakistan yanımızda olduğunu ifadə edib. Həmçinin Pakistan-Hindistan qarşıdurmasında da Azərbaycan və Türkiyə Pakistanın yanında oldu, onlara qardaşlıq yardımını göstərdi. Bütün bunlar dövlətimizin həyata keçirdiyi uğurlu siyasıtin göstəricisidir”.
Ayhan Ağarzayev
12:23 29.05.2025
Oxunuş sayı: 1405