Azərbaycan nümayəndələri Uşaq Hüquqları üzrə 17-ci Milli Konqresdə iştirak ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Uşaq Hüquqları üzrə 17-ci Milli Konqresdə iştirak ediblər. Konqresdə uşaq hüquqlarının müdafiəsi, sosial siyasətlər və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Crossmedia.az Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə istinadən xəbər verir.
Bildirilib ki, bununla yanaşı, Mərakeşin Uşaq Hüquqları üzrə Milli Müşahidə Şurasının (Observatoire National des Droits de l’Enfant) ONDE-nin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Əlahəzrət Şahzadə Lalla Meryemin ali sədrliyi ilə keçirilən bu yubiley tədbirində qurumun üç onillik ərzində fəaliyyətinə nəzər salınıb, qazanılan nailiyyətlər və perspektivlər təqdim edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndələri bir sıra ikitərəfli görüşlər də keçiriblər. Mərakeşin Həmrəylik, Sosial İnteqrasiya və Ailə məsələləri üzrə naziri xanım Naima Ben Yahya və ONDE-nin vitse-prezidenti xanım Ğizlan Benjelloun ilə görüşlərdə sosial və humanitar sahələrdə, xüsusilə də qadın, ailə və uşaq məsələləri üzrə əməkdaşlıq və birgə təşəbbüslərin reallaşdırılması müzakirə olunub.
20:06 26.05.2025
Oxunuş sayı: 1127