"Pasxa atəşkəsi" Rusiya-Ukrayna savaşını bitirə bilərmi? - ŞƏRH

"“Müharibə partiyası”, Avropa İttifaqı– bunlar ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin köhnə komandasıdır və onların Ukrayna siyasətindəki rolu, müəyyən mənada Ukrayna əsgərlərinin qanına batmaları ilə nəticələnib".
Bunu Crossmedia.az-a geniş müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnok Şair Ramaldanov deyib..
"Müharibə partiyası" deyilən bir tərəf də var. Bunu dördüncü tərəf kimi saymaq olar – bu, Aİ-dir. Ağ Evin hazırkı rəhbəri Donald Tramp bütün bu prosesə münasibətində Baydenin mövqeyini səhv kimi qiymətləndirir və bu müharibəni onun müharibəsi kimi təqdim edir. Ona görə də düşünürəm ki, ABŞ-dəki bütün narazılıqlar Baydenin qəbul etdiyi qərarlarla Rusiyaya qarşı yanaşması və Ukraynaya verdiyi dəstəklə əlaqələndiriləcək. Tramp bu məsuliyyəti Baydenin üzərinə atacaq. Çünki bu cür hərbi dəstəyin verilməsi yeni əsgər itkiləri, yeni yaşayış məntəqələrinin işğalı və infrastrukturun dağılması deməkdir".
Ş.Ramaldanov söyləyib ki, hazırda Avropa kənarda qalmaq istəmir: "Ukraynanın sərvətləri və digər məsələlərdə öz şəxsi maraqlarını güdür. Nə Ukrayna xalqı, nə də Zelenskinin gələcəyi Avropanı maraqlandırır. Onların öz məqsədləri var və təbii ki, bu hədəflərə nail olmağa çalışacaqlar. Əgər hərbi aspektdən baxsaq, Avropa ABŞ-siz Ukraynaya tam dəstək verə və onu qalib ölkə kimi müharibədən çıxara biləcək durumda deyil. Aİ hərbi potensialı zəifləyib, kifayət qədər əsgəri qüvvəsi yoxdur. Texnika və digər resurslar Ukraynaya göndərildiyi üçün anbarları boşalıb. Hərbi sənaye kompleksi də bu yükü daşıya biləcək səviyyədə deyil. Xüsusilə də iri Avropa ölkələri enerji böhranı və enerji daşıyıcılarının bahalaşmasından sonra sənaye müəssisələrini ABŞ-ə köçürməyə məcbur olublar. Bu da hərbi sənaye məhsullarının baha başa gəlməsinə səbəb olacaq. ABŞ çəkiləcəyi təqdirdə Avropaya da təzyiq göstərəcək. Çünki istər kəşfiyyat, istər peyk sistemləri, istərsə də döyüşlərin idarə olunması ABŞ-ə bağlıdır. Tramp artıq Şərqi Avropadan qoşunları çıxarmaq niyyətində olduğunu bildirib. Baltikyanı ölkələrindən müəyyən qüvvələr artıq çıxarılıb və bu proses davam edə bilər. Tramp məsələni belə qoyacaq: əgər siz müharibə aparmaq istəyirsinizsə, bunu ABŞ-siz edin. Bu isə Avropa üçün çox böyük bir yükdür və Avropa bu yükü daşıya bilməyəcək. Eyni zamanda, müharibəyə qarşı artan ictimai etirazlar ABŞ çəkildikdən sonra daha da güclənəcək. Bu da Avropada hakimiyyətdə olan müharibə tərəfdarı hökumətlərin sonu ola bilər. Nəticədə daha konstruktiv, sülhyönümlü hakimiyyət dəyişikliyi baş verə bilər. Digər tərəfdən, orada böyük məsafə və canlı qüvvə problemi var. Bəziləri 100 min, bəziləri 200 min hərbçi lazım olduğunu deyir. Sülhməramlı missiyanı həyata keçirmək üçün bu qədər heyətin toplanması mümkünsüzdür. Avropada bu qədər canlı qüvvə yoxdur. Ukraynanı dəstəkləyən ölkələrin göndərəcəyi hərbi heyətlə Rusiya razılaşmayacaq. Ona görə də belə bir missiyanın həyata keçirilməsi çox çətindir".
Müsahibimiz söyləyib ki,dünya üçün Ukrayna–Rusiya münaqişəsinin sülh müqaviləsi ilə həll olunması, sərhədlərin müəyyənləşdirilməsi və Moskvanın bəzi şərtlərinin qəbul edilməsi istisna olunmur: "Buna üstünlük verilməsi ehtimalı yüksəkdir. Çünki qalan bütün məsələlər böyük maliyyə vəsaiti tələb edir. Bu maliyyə Ukraynada yoxdur, Rusiya isə verməyəcək. Digər ölkələr üçün də bu yükü daşımaq asan olmayacaq. Yekun olaraq, mən Pasxa bayramı ilə bağlı elan olunan atəşkəslə davamlı atəşkəs arasında heç bir birbaşa əlaqə görmürəm. Bu məsələlər ayrı-ayrı müzakirə mövzusudur və danışıqlar zamanı da fərqli müzakirə predmeti olacaq".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27652
Fatimə Məmmədova
16:47 23.04.2025
Oxunuş sayı: 766