V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycanda astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində bu elm sahəsinə daha geniş yer verilməsinin təşviq edilməsi və istedadlı şagirdlərin beynəlxalq səviyyədə təmsilçiliyinin təmin edilməsi məqsədilə V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərkəzdən Crossmedia.az-a bildirilib ki, qaliblərə qızıl, gümüş və bürünc medal, diplom və hədiyyələr təqdim olunub.
Qeyd olunub ki, 2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiyayönümlü proqramların təşkil edilməsinə start verilib. Olimpiadaya hazırlıq prosesi də məhz Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın respublika turunda 1200 nəfər şagird qeydiyyatdan keçib. İki mərhələdən ibarət olan olimpiadanın final mərhələsində 100-dən artıq şagird bilik və bacarıqlarını nümayiş etdirib. Təşkilat Komitəsinin qərarı ilə 7 şagird birinci, 11 şagird ikinci, 10 şagird isə üçüncü yerə layiq görülüb.
V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA 2025) hazırlıq dərslərinə cəlb ediliblər. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunub. Bu hazırlıqlar çərçivəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında xüsusi hazırlıq düşərgəsi də keçirilib.
Olimpiadanın qalib komandası 11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğurla iştirak edib. Komanda nəzəri və praktiki turdan ibarət olan olimpiadada ümumilikdə 2 bürünc və 2 həvəsləndirici mükafat əldə edib. Bürünc medalları Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli qazanıb, həvəsləndirici mükafatlara isə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev layiq görülüb. Komandanın Beynəlxalq Olimpiadada iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə reallaşıb.
Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.
20:33 18.10.2025
Oxunuş sayı: 910