Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderin strateji kursunun yüksələn istiqamətdə, müasir dövrün reallıqları nəzərə alınaraq uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimizin daha da möhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu xüsusi vurğulanıb.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, dünyəvilik prinsiplərinin qorunduğu, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda sənədli filmlər, videoçarxlar və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarix muzeyləri ziyarət olunub.
https://youtu.be/cYxZLlWCGq0
20:37 18.10.2025
Oxunuş sayı: 1066