ABŞ Rusiyanı sıxışdırıb: Yaxın gələcəkdə... - Böyük oyunun sonu?!

Beynəlxalq münasibətlərdə Rusiya və ABŞ arasında dialoq və əməkdaşlıq imkanları daim diqqət mərkəzində olub. Prezidentlər səviyyəsində ünsiyyət və konkret məsələlərin müzakirəsi imkanları son dövrdə yenidən aktuallaşıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına görə, Moskva istənilən vaxt Vaşinqtonla dialoqa açıqdır və Alyaskada baş tutmuş sammit bu ünsiyyətin praktikaya çevrilməsi istiqamətində ilk addım kimi qiymətləndirilir.
Bu barədə Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, hazırda Rusiya-ABŞ münasibətləri əsasən Ukrayna cəbhəsində baş verən hadisələrə fokuslanıb:
"ABŞ rəhbərliyinin bütün addımları Ukrayna məsələsi ilə bağlıdır. Ticarət, iqtisadiyyat, nüvə silahlarının məhdudlaşdırılması və diplomatik danışıqlar – hamısı Ukrayna prizmasından qiymətləndirilir. Bu baxımdan, münasibətlər kifayət qədər gərgindir".
Professor ABŞ-nin Rusiyanı iqtisadi və siyasi cəhətdən sıxışdırdığını vurğulayıb:
"Rusiya qazının Avropaya ixracı hazırda Avropa ölkələrinin ehtiyaclarının cəmi 19 faizini ödəyir. Bu bazarı əsasən ABŞ və ərəb ölkələri tutub. Beləliklə, Amerika Rusiyanı Avropa vasitəsilə sıxışdırır, həmçinin Rusiyadan neft məhsulları alan ölkələrə təzyiq göstərir. Nəticədə, Rusiyanın gəlir gətirən mənbələri xeyli məhdudlaşıb".
O, həmçinin Ukraynaya ABŞ tərəfindən verilmiş Tomahawk raketlərinin Rusiya üçün əlavə çətinlik yaratdığını qeyd edib:
"ABŞ hərbiçiləri raketlərin istifadəsini koordinasiya edir, Ukrayna hərbiçiləri isə hələ təlim keçməyib. Rusiya hədəflərin müəyyənləşdirilməsində ABŞ ilə birbaşa qarşı-qarşıyadır. Bu baxımdan ABŞ Rusiyanı kifayət qədər sıxışdırıb və yaxın gələcəkdə Ukrayna kontekstində münasibətlərin normallaşması çətin görünür".
Onun sözlərinə görə, Trampın keçmişdəki ritorikası və Rusiyaya münasibəti dialoq üçün imkan yaratsa da, hazırkı hərbi-siyasi vəziyyət ABŞ-Rusiya münasibətlərində ciddi maneələr yaradır:
"Tramp istəsə belə, qısa müddətdə Rusiya ilə münasibətləri normallaşdıra bilməyəcək. Ukrayna cəbhəsi, Avropa ölkələrinin mövqeyi və ABŞ-nin hərbi-siyasi dəstəyi bu prosesi əngəlləyir. Hətta Tramp və Putin arasında mümkün telefon danışığı belə, real nəticəyə gətirməyəcək".
Mehriban Yariyeva
11:06 18.10.2025
Oxunuş sayı: 2136