Çinin təhsil naziri PXDU-da Azərbaycan dili kafedrasına baş çəkib

Çin Xalq Respublikasının təhsil naziri Huay Cinpınq Pekin Xarici Dillər Universitetinə (PXDU) ziyarəti zamanı Azərbaycan dili kafedrasına baş çəkib.
Crossmedia.az xəbər verir ki, nazirə universitetin Asiya fakültəsində tədris olunan dillər, əldə olunmuş elmi nailiyyətlər, beynəlxalq əlaqələr haqqında məlumat verilib. Universitetin elmi və pedaqoji həyatında fəallığı ilə seçilən Azərbaycan dili kafedrasının müəllim heyəti ilə görüşən nazirə kafedranın fəaliyyəti, Çində ilk və yeganə olan Azərbaycan dili ixtisası haqında məlumat verilib.
Qeyd edək ki, Çinin ən nüfurzu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar. 2023-cü ildə Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələr toplayan daha 13 gənc PXDU-nun Azərbaycan dili ixtisasına qəbul olunub. Ötən ilin sentyabrında PXDU-də Birinci Çin Azərbaycanşünaslıq Beynəlxalq Konfransı uğurla baş tutub. Keçən illər ərzində Azərbaycan dili və mədəniyyəti ilə bağlı dərslik, lüğət və tərcümələr çap olunub.
10:26 11.04.2025
Oxunuş sayı: 1623