Kiberdələduzluqdan qurtuluş var? - Yeni təhlükə!

- İnformasiya texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrildikcə kibercinayətkarlar üçün yeni fürsətlər yaranır. Kiberdələduzluq müasir dövrdə həm fərdi, həm də təşkilati səviyyədə ciddi problemlər yaradan ən böyük təhlükələrdən biri hesab olunur. Kiberdələduzluğun təhlükələri kifayət qədərdir. Buraya şəxsi məlumatlarımızın oğurlanmasından tutmuş bank hesablarımızın ələ keçirilməsinə qədər müxtəlif təhdidləri nüunə göstərmək olar. Deməli, ya “daş dövrünə” qayıdıb, özümüzü texnikanın inkişafından təcrid etməliyik, ya da uyğunlaşmalıyıq.
- Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verən İT mütəxəssisi Elvin Həsənov bunun həll yollarını göstərdi: “Fişinq, zərərli proqramlar, ransomware (fidyə proqramları), sosial mühəndislik və DDoS hücumları kiberdələduzluğun ən geniş yayılmış növləridir. Fişinq zamanı saxta e-poçtlar və mesajlar vasitəsilə istifadəçilərin bank məlumatları və digər həssas informasiyaları ələ keçirilir. Zərərli proqramlar isə cihazlara icazəsiz giriş əldə edərək məlumatları oğurlayır və ya məhv edir”.
- Bu cür təhlükələrin qarşısını almaq üçün mütəxəssis istifadəçilərə diqqətli olmağı tövsiyə edir: “Şübhəli e-poçtlara və mesajlara klik etmək olmaz. Həmçinin iki faktorlu autentifikasiyadan istifadə etmək, yalnız təhlükəsizlik sertifikatı olan veb-saytlara güvənmək, müasir antivirus proqramlarından istifadə etmək məqsədəuyğun hesab edilir”.
- Müsahibimiz Azərbaycanda kibertəhlükəsizlik sahəsində müəyyən irəliləyişlərin əldə olunduğunu vurğulayıb: “Lakin problemlər hələ də mövcuddur və onların həlli üçün daha geniş tədbirlərə ehtiyac var”.
- O, İT infrastrukturunun modernləşdirilməsini, kiber maarifləndirmə işlərinin gücləndirilməsini və təhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasına daha çox diqqət yetirilməsini vacib hesab edir.
- Texnologiyaların sürətli inkişafı ilə kiberdələduzluğun formalarının dəyişəcəyini vurğulayan mütəxəssis, yaxın gələcəkdə yeni təhlükələrlə qarşılaşacağımızı qeyd edib: “Deepfake texnologiyalar, IoT cihazlarına hücumlar və kvant texnologiyalarının ənənəvi şifrələmə sistemlərinə təsiri ən böyük təhdidlər arasında göstərilir. Şəxsi məlumatların qorunması və təhlükəsizliyin təmin olunmasının hər bir fərdin həyatında prioritetdir”.
- Sevinc Abuşova
16:33 29.01.2025
Oxunuş sayı: 5460