Azərbaycan-Rusiya münasibətləri pozulur?- AÇIQLAMA

Rusiya ilə Azərbaycan arasında yenidən “soyuq küləklər əsməyə” başlayb. Bunun təzahürü olaraq Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirlyinə çağırılıb. Bunun ardınca isə Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu, Bakı- Moskva münasibətlərinin perspektivi məsələsini yenidən gündəmə gətirir. İki ölkə arasında baş verən son hadisələrlə bağlı qarşılıqlı diplomatik addımlar atılır. Bu diplomatik təmaslar tərəflər arasında yaranan narahatlıqların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, dekabrın 25-də Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus sərnişin qəzaya uğramasından sonra məlum olub ki, hadisə təsadüfi deyil: “Bu hadisə Rusiya ərazisində baş verdiyinə görə, məsuliyyət birbaşa Moskva danşıyır. Lakin məsuliyyəti qəbul edib ədalətli araşdırma aparmaq əvəzinə, Rusiyadakı bəzi dairələr və media resursları məsələni təhrif edərək Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar. Bu cür informativ manipulyasiyalar, ehtimal olunan cinayəti ört-basdır etməyə yönəlmiş addımlar, ortada bir günahkarlıq psixologiyasının olduğunu göstərir. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini nazirliyə dəvət edərək, məsələnin araşdırılmasını və Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasının səbəbləri ilə bağlı izahat verilməsini tələb edib”.
Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq vurğulayır ki, 2022-ci il fevralın 22-də imzalanmış Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sazişin ruhuna uyğun davranılmalıdır: “Əgər tərəflər bərabərhüquqlu müttəfiq kimi tanınırsa, münasibətlər də buna uyğun qurulmalıdır. Əgər söhbət qonşuluq münasibətlərindən gedirsə, bu əlaqələr qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməlidir. Azərbaycanın bu haqlı etirazının nəticə verəcəyi və Rusiyanın media resurslarının bu qarayaxma kampaniyasına son qoyacağı ümid edilir. Əks halda bu cür təbliğat Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vura bilər. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, bu hadisədə əli olan hər kəs mütləq cəzalandırılmalıdır. Azərbaycan vətəndaşlarının təhlükəsizliyi dövlət üçün prioritet məsələdir və heç bir informasiya manipulyasiyası həqiqətin üzərinə kölgə sala bilməz. Bu səbəbdən də Rusiya səfirinin öz ölkəsinin müvafiq qurumlarını məlumatlandırması və Azərbaycana qarşı bu cür kampaniyaların nəticəsiz qalacağını başa salması vacibdir”.
Fidan Hacızadə
13:26 29.01.2025
Oxunuş sayı: 2768