Meşədə itkin düşən 72 yaşlı qadın bir həftə sonra sağ tapıldı
ABŞ-də meşədə itkin düşən 72 yaşlı turist Meri Bet Qrenberi bir həftə vəhşi təbiətdə qaldıqdan sonra sağ tapılıb. Crossmedia.az xəbər verir ki, “The New York Post” bu barədə məlumat yayıb.
Mount Shasta sakini Qrenberi sentyabrın 28-də Shasta-Trinity Milli Meşəsinə düşərgəyə gedib. Lakin oktyabrın 2-də planlaşdırdığı kimi işə getməyib və ailəsi onun itkin düşməsi barədə məlumat verib.
Növbəti gün xilasedicilər qadının avtomobilini Şasta və Siskiyu rayonlarının sərhədində yerləşən Cabin Creek Trail ərazisində tapıblar. Bundan sonra iki axtarış-xilasetmə qrupunun təxminən 25 üzvü dik kanyonlarda, çaylarda və meşə yollarında axtarış aparmağa başlayıb.
Axtarış işləri gecə saatlarında havanın soyuması, aşmış ağaclar və məhdud radio əlaqəsi səbəbindən çətinləşib. Bəzi ərazilərdə xilasedicilər peyk avadanlıqlarından istifadə etməli olublar.
Oktyabrın 4-də, təxminən saat 10:30-da yerüstü axtarış qrupu qadını cığırın başlanğıcından təxminən 5 kilometr məsafədə, 30 fut (təxminən 9 metr) hündürlüyündə dik dərənin dibində, çayın yaxınlığında tapıb.
Qrenberi şüurlu olsa da, çaşqın vəziyyətdə olub və danışa bilməyib. Onun ciddi diz zədəsi aldığı və hipotermiyaya məruz qaldığı bildirilib.
İlkin məlumata görə, təcrübəli yürüşçü olan Qrenberi balıq tutmaq üçün cığırdan kənara çıxıb və uçurumdan yıxılmış ola bilər. Onun isti geyimlərinin olması və havanın nisbətən mülayim keçməsi qadının bir neçə gün sağ qalmasına kömək edib.
Çətin relyef səbəbindən qadın helikopterlə ərazidən təxliyə edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin kritik olduğu bildirilib.
Xilasedicilər təbiətə çıxan şəxslərə səfərlərinin planını və geri qayıdacaqları tarixi yaxınlarına bildirməyi, lazımi avadanlıqları özləri ilə götürməyi və istiqaməti itirdikləri halda axtarış sahəsini genişləndirməmək üçün olduqları yerdə qalmağı tövsiyə ediblər.
16:13 08.10.2026
Oxunuş sayı: 235