Sülh masasında yeni gündəm: Bayramov-Mirzoyan görüşünün DETALLARI
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda keçirilən görüşdə iki ölkə arasında sülh prosesinin gedişini və 2025-ci il Vaşinqton razılaşmalarından sonra əldə olunan irəliləyişi müzakirə ediblər. Görüşdə iqtisadi və nəqliyyat əlaqələrinin açılması, ticarət və tranzit imkanları, həmçinin birbaşa dialoqun davam etdirilməsi məsələləri diqqət mərkəzində olub. Nazirlərin görüşü Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi ilə yanaşı, regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafının da müzakirə olunduğu bir mərhələdə baş tutub. Tərəflərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsi isə prosesin növbəti mərhələsi ilə bağlı diqqət çəkən məqamlardandır.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan və Ermənistan arasında sülh prosesinin davamı baxımından xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Nyu-York görüşünün əhəmiyyətinə diqqət çəkib:
“Bayramov-Mirzoyan görüşü Azərbaycan-Ermənistan sülh prosesinin davamı baxımından diqqət çəkən təmasdır. Burada əsas məqam tərəflər arasında birbaşa dialoqun davam etməsidir. Müzakirələrin iqtisadi və nəqliyyat əlaqələrini də əhatə etməsi prosesin yeni mərhələyə keçdiyini göstərir”.
Onun sözlərinə görə, sülh yalnız sənədin imzalanması ilə yekunlaşan proses deyil: “Əsas nəticə onun real həyatda hiss olunmasıdır. Nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı ticarətin artması region üçün yeni imkanlar yaradır. Bu istiqamətdə atılan hər bir konkret addım qarşılıqlı etimadın formalaşmasına da təsir göstərir”.
Razi Nurullayev qeyd edib ki, Azərbaycan regionda davamlı sülh və sabitlik istəyini açıq şəkildə ortaya qoyub: “İndi diqqət razılaşmaların praktik nəticələrinə yönəlir. Birbaşa dialoqun qorunması və yaranan məsələlərin masa arxasında həlli prosesin sağlam şəkildə irəliləməsi üçün mühüm amildir”.
Deputat əlavə edib ki, Nyu-York görüşünü sülh prosesində növbəti diplomatik təmas kimi dəyərləndirmək olar: “Əsas gözlənti isə əldə olunan siyasi iradənin konkret iqtisadi, nəqliyyat və humanitar nəticələrə çevrilməsidir”.
Nigar Xəlilli
20:50 25.09.2026
Oxunuş sayı: 40