Avropada qazın qiyməti kəskin ucuzlaşdı: TTF-də 10,5 faizlik eniş
Avropada təbii qazın qiymətləri həftənin əvvəlindən etibarən aşağı düşüb. Qitənin qaz bazarı üçün əsas göstərici hesab edilən Niderland mərkəzli TTF-də oktyabr fyuçers müqavilələri üzrə qazın meqavatsaat qiyməti 71,16 avroya qədər geriləyib.
Crossmedia.az xəbər verir ki, Avropa qaz bazarında qiymətlər ötən həftə cümə günü 79,52 avro səviyyəsində bağlanmışdı. Bu gün saat 15:14-də isə qiymətlər həmin göstərici ilə müqayisədə 10,5 faiz azalaraq 71,16 avroya düşüb.
Bazar iştirakçıları qiymət enişini əsasən İran-ABŞ münasibətlərində mümkün diplomatik irəliləyiş gözləntiləri ilə əlaqələndirirlər. İranın ABŞ tərəfindən tətbiq olunan liman blokadasının aradan qaldırılması və diplomatik danışıqlara qayıdılması halında Hörmüz boğazının yenidən açılacağı barədə yayılan məlumatlar LNG tədarükünün bərpası ehtimalını artırıb.
Lakin ABŞ və İran arasında təmaslarda sürətli nəticənin əldə olunmaması həftənin ikinci yarısında bazarda yenidən bahalaşma risklərini artırıb. Cümə axşamı TTF-də qazın qiyməti 74,94 avroya yüksəlib. Səbəb kimi Hörmüz boğazı üzərindən LNG daşımaları ilə bağlı qeyri-müəyyənliklər göstərilir.
Bununla yanaşı, Avropada qış mövsümü öncəsi qaz tələbatının hələ yüksək həddə çatmaması və anbarlara qaz vurulmasının davam etməsi qiymət artımını məhdudlaşdıran əsas amillərdən biri olub.
Gas Infrastructure Europe məlumatlarına əsasən, Avropa İttifaqı ölkələrinin qaz anbarlarında doluluq səviyyəsi hazırda 70,35 faiz təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 82,03 faiz olub.
Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazı vasitəsilə LNG axınlarının tam bərpa olunmaması Avropanın alternativ qaz mənbələri uğrunda Asiya bazarları ilə rəqabətini davam etdirə və qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Avropa Komissiyası: qaz təchizatı sabitdir
Avropa Komissiyasının Qaz Koordinasiya Qrupu da mövcud bazar vəziyyətini və qış hazırlıqlarını qiymətləndirib.
Komissiya açıqlamasında bildirib ki, qaz anbarlarının səviyyəsi əvvəlki illərlə müqayisədə aşağı olsa da, hazırda Avropa İttifaqında qaz təchizatı sabit olaraq qalır.
Qeyd olunub ki, artan LNG idxal imkanları, təchizat mənbələrinin şaxələndirilməsi və qaz tələbatının azalması Avropanın enerji təhlükəsizliyini dəstəkləyən əsas amillərdir.
Növbəti Qaz Koordinasiya Qrupunun iclasının oktyabrın 8-də keçiriləcəyi bildirilib.
16:46 25.09.2026
Oxunuş sayı: 42