Tramp-Zelenski görüşündən sonra şok açıqlama: Moskva sülh masasının yolunu bağladı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda görüşüb. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsinin dayandırılması olub. Tərəflər görüşdən əvvəl məsələ ilə bağlı açıqlamalar verib, daha sonra danışıqları qapalı formatda davam etdiriblər.
Zelenski müharibənin qışa qədər başa çatdırılmasına ümid etdiyini və bu prosesdə Trampın köməyinə güvəndiyini bildirib. Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib. Görüşün ardınca tərəflərin hansı nəticələrə gəldiyi və danışıqlar prosesinin növbəti mərhələdə necə davam edəcəyi diqqət çəkir.
Crossmedia.az-a açıqlamasında politoloq Sultan Zahidov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunan məsələlərə münasibət bildirib. O qeyd edib ki, təxminən 40 dəqiqə davam edən görüşdə əsas diqqət müharibənin dayandırılması, enerji atəşkəsi, mümkün üçtərəfli görüş, hava hücumundan müdafiə sistemləri və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələlərinə yönəlib. Görüşün 22 sentyabrda baş tutduğu və təxminən 40 dəqiqə davam etdiyi, tərəflərin enerji obyektlərinə zərbələrin dayandırılması imkanını müzakirə etdiyi barədə məlumatlar da açıqlanıb:

“Dünən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Donald Trampla Zelenski arasında təxminən 40 dəqiqəlik görüş baş tutdu. Bu görüşdə bir sıra mühüm məqamlar müzakirə olundu. İlk növbədə, sözsüz ki, müharibənin bitməsi məsələsi və Donald Tramp bildirdi ki, həm Zelenski, həm də Putin müharibəni bitirmək istəyir. Zelenski bununla bağlı bildirdi ki, ilkin olaraq tərəflər arasında enerji atəşkəsi imzalana bilər. Yəni bu o deməkdir ki, həm Rusiya, həm də Ukrayna bir-birlərinin enerji və kritik infrastrukturunu hədəfə almır. Xüsusilə Ukrayna üçün bu, qarşıdan gələn qışın fonunda əhəmiyyət kəsb etməkdədir”.
Sultan Zahidov qeyd edib ki, enerji obyektlərinə zərbələrin qarşılıqlı şəkildə dayandırılması məsələsi Ukrayna üçün xüsusilə vacibdir. Onun sözlərinə görə, Donald Tramp bundan əvvəl Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini dayandırmasını istəmişdi: “Donald Tramp bir neçə gün öncə Zelenskidən Rusiyanın enerji infrastrukturunu hədəfə almamağı xahiş etmişdi. Çünki bu zərbələr dünyadakı dizel, neft, benzin və dizel qiymətlərini daha da artırırdı. Amma Zelenski dedi ki, bu, təktərəfli şəkildə ola bilməz. Yəni yalnız və yalnız Rusiyanın da Ukraynanın enerji infrastrukturunu, su təchizatı infrastrukturunu, istilik stansiyalarını vurmayacağı təqdirdə Ukrayna da analoji addım ata bilər. Zelenski də görüşdən sonra bildirib ki, Ukrayna enerji atəşkəsinə hazırdır, lakin bunun üçün Rusiyanın Ukraynanın enerji sisteminə zərbələri dayandırması şərtini irəli sürür”.
Politoloq görüşdə mümkün üçtərəfli sammit məsələsinin də müzakirə edildiyini bildirib: “Eyni zamanda tərəflərin mümkün görüşü müzakirə edildi və Zelenski Donald Trampdan üçtərəfli sammit təşkil etməsini xahiş etdi və həmin görüşün də baş tuta biləcəyi Donald Tramp tərəfindən istisna olunmadı. Hər iki tərəf müharibənin, ümumilikdə götürsək, qışa qədər bitməsinə ümid etdiklərini bildirdilər. Zelenski görüşdən sonra Putinlə Trampın iştirakı ilə üçtərəfli görüşə hazır olduğunu da açıqlayıb”.
O, müharibənin davam edəcəyi halda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, xüsusilə Patriot raketlərinə ehtiyacının da müzakirə edildiyini bildirib: “Əgər müharibənin davam edəcəyi təqdirdə, sözsüz ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə, Patriot raketlərinə ehtiyacı var. Və bu məsələ də tərəflər arasında müzakirə olundu. Hətta Zelenski Donald Trampa təklif etdi ki, indi ABŞ-dən Patriot raketləri alsın və onun əvəzində Ukrayna Almaniya ilə birgə istehsal etdiyi Patriot raketlərini gələcəkdə, 2027 və 2028-ci illərdə ABŞ-yə geri verə bilsin. Yəni Ukrayna-Almaniya arasında razılaşma var və 2027-2028-ci illər üçün hər birinə 300 Patriot raketi olmaqla istehsal olunması planlaşdırılır. Zelenskinin açıqlamasına görə, ABŞ-dən Patriot sistemlərinin alınması, Ukraynada istehsal üçün lisenziya və gələcək istehsal məsələləri də müzakirə olunub”.
Sultan Zahidov əlavə edib ki, Zelenski görüş zamanı təhlükəsizlik zəmanətləri və Patriot raketlərinin Ukraynada istehsalı üçün lisenziya məsələsini də gündəmə gətirib: “Zelenski eyni zamanda Trampdan təhlükəsizlik qarantiyası məsələsinin təmin olunmasını istədi. Və eyni zamanda Patriot raketlərinin Ukraynada istehsalı üçün lisenziyanın verilməsi məsələsini Trampa bildirdi. Tramp bununla bağlı konkret bir cavab verməsə də, bu məsələyə pozitiv yanaşdığını qeyd etmiş oldu. Ümumilikdə danışıqlar pozitiv mühitdə keçdi və hər iki tərəf müharibənin bitirilməsində tərəfdar olduqlarını vurğuladılar. Zelenski görüşdən sonra Patriot lisenziyası məsələsinə Trampın müsbət yanaşdığını, lakin konkret cavab almadığını bildirib”.
Politoloq görüşdən sonra Kremlin mövqeyinin də diqqət çəkdiyini bildirib: “Amma görüşdən dərhal sonra Kremldən açıqlama gəldi, Peskov tərəfindən. Birincisi, üçtərəfli bir sammitin baş tutması üçün hazırda bir real zəmin yoxdur. İkincisi də ki, sülh danışıqlarının həyata keçirilməsi üçün Ukraynanın mövqeyində bir dəyişiklik olmalıdır. Bu dəyişiklik olmayınca da danışıqların aparılmasının bir əhəmiyyəti yoxdur. Yəni Rusiya bir siqnal verdi ki, indiki halda danışıqlar baş tutmayacaq, bunun üçün gərək Ukrayna fundamental şəkildə mövqeyini dəyişsin. Peskov 23 sentyabrda hazırda sülh danışıqlarına keçid üçün heç bir ön şərtin olmadığını, lakin Rusiyanın danışıqlara açıq qaldığını bildirib”.
Onun sözlərinə görə, tərəflərin ərazi məsələsində mövqeləri də bir-birindən ciddi şəkildə fərqlənir: “Ukraynanın, bilirsiniz ki, mövqeyi qeyd-şərtsiz atəşkəsdir. Amma Rusiya təklif etdiyi kimi, Ukraynanın Donbasdan tam şəkildə çıxmasını istəyir. Hazırda Donbasın 70-75 faizi Rusiyanın nəzarətindədir, digər hissələr Ukraynanın nəzarətindədir və Rusiya istəyir ki, tam şəkildə Ukrayna oradan çıxsın və bunu bir qələbə kimi təqdim edərək müharibənin ən azı ilkin mərhələsini bitirdiyini elan etsin. Rusiyanın Donbasın tamamilə Ukraynanın nəzarətindən çıxarılmasını tələb etməsi əvvəlki danışıqlarda da əsas mübahisəli məsələlərdən biri kimi təqdim olunub”.
Sultan Zahidov hesab edir ki, Ukraynanın bu şərtləri qəbul etməsi real görünmür: “Bu şərtlər Ukraynanı heç bir halda qane edə bilməz. O torpaqlar uğrunda 5 ilə yaxındır ki, Ukrayna döyüşçüləri döyüşürlər, strateji əhəmiyyətli bölgələrdir. Onların Rusiyaya peşkəş verilməsi həm Ukraynanın Konstitusiyasına ziddir, Ukraynanın ərazi bütövlüyünə ziddir və eyni zamanda o torpaqlar uğrunda döyüşənlərin, həlak olanların ruhuna da bir növ hörmətsizlik kimi baxıla bilər. Bu baxımdan Zelenskinin bu şərtlərə razılıq verəcəyi, Ukrayna xalqının bu şərtlərə razılıq verəcəyi inandırıcı görünmür. Bu da istər-istəməz real sülh sazişi imzalanmasının perspektivlərini indiki halda dalana dirəyir”.
Politoloq enerji atəşkəsi ilə bağlı razılaşmanın mümkün olduğunu, lakin bunun uzunmüddətli olacağına zəmanət verməyin çətin olduğunu bildirib: “Amma o ki qaldı enerji atəşkəsinə, bu enerji atəşkəsləri ilə bağlı razılaşma ola bilər, amma bunun da uzun sürəcəyinə heç kim zəmanət verə bilməz. Çünki əvvəllər də enerji atəşkəsləri tərəflər arasında razılaşdırılmışdı. Bununla belə, elə bir neçə gün keçməmiş həmin atəşkəslər də pozulmuşdu”.
Nigar Xəlilli
18:30 23.09.2026
Oxunuş sayı: 47