Ermənistanın Avropaya inteqrasiyası Cənubi Qafqaza mənfi təsir göstərəcək
Ermənistanın Avropaya inteqrasiya kursunu davam etdirməsi Moskva ilə İrəvan arasında münasibətlərdə fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Rusiya tərəfi Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edir. Ermənistan isə Aİ ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlarını davam etdirir. Rusiya XİN rəsmisi Vladislav Maslennikov Ermənistan vətəndaşlarının ölkənin inkişaf istiqamətini müəyyənləşdirəcəyini bildirib və Avropaya inteqrasiya siyasətinin mümkün nəticələrinin obyektiv qiymətləndirilməsinə çağırıb. Bu proses fonunda Ermənistanın Avropa kursunun Rusiya-Ermənistan münasibətlərinə və Cənubi Qafqazdakı siyasi balansına necə təsir edəcəyi sual doğurur.
Crossmedia.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın müəyyən etdiyi siyasi xəttin Rusiya ilə münasibətlərdə gərginliyə səbəb ola biləcəyini və bunun Cənubi Qafqazda sabitliyə təsir göstərə biləcəyini bildirib: “Ermənistan tələsir. Qrafiki müəyyənləşdirib, siyasi inkişaf istiqamətini. Təbii ki, Rusiya bundan narazıdır. Ermənistana rəsmi təzyiq vasitələrindən istifadə edəcək. Bu gün duruş gətirəcək, sabah gətirəcək, onu vaxt göstərər”.

Zərdüşt Əlizadə Ermənistanın seçdiyi siyasi xətti Ukraynadakı proseslərlə müqayisə edərək bunun hansı nəticələrə gətirib çıxaracağının əvvəlcədən bilinmədiyini bildirib: “Bu siyasi xətt Ukraynada da həyata keçirilmişdir, nəticədə müharibə baş verdi. Ermənistan nə qazanacaq, ondan mən də əmin deyiləm”.
Politoloqun sözlərinə görə, Ermənistanın hazırkı siyasi istiqaməti Cənubi Qafqazda sabitliyə də mənfi təsir göstərə bilər: “Mənim fikrimcə, Cənubi Qafqazdakı sabitliyin möhkəmlənməsinə mənfi təsir göstərəcək”.
Nigar Xəlilli
18:00 22.09.2026
Oxunuş sayı: 46