Bir tarix, üç mərhələ: Zəfər, suverenlik və Böyük Qayıdış
20 sentyabr Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərdən birini ifadə edir. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror tədbirlərinin sentyabrın 20-də başa çatması ilə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu elan edilib.
Bu tarix Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi təsis edilib və hər il sentyabrın 20-də qeyd olunur. Dövlət suverenliyinin bərpası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və Böyük Qayıdış prosesinin yeni mərhələsi də başlayıb.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova 20 Sentyabrın Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasını ifadə edən mühüm tarixi gün olduğunu bildirib.
“20 Sentyabr Azərbaycan dövlətçiliyinin müasir tarixində müstəsna əhəmiyyət daşıyan günlərdən biridir. Dövlət Suverenliyi Günü kimi qeyd olunan bu əlamətdar tarix Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətini bərpa etməsinin, dövlət suverenliyini bütün ölkə ərazisində təmin etməsinin və uzun illər davam edən separatizmə son qoymasının rəmzidir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ərazi bütövlüyünün bərpasında mühüm mərhələ olub: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin, Şuşanın və yüzlərlə yaşayış məntəqəsinin azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Lakin 2020-ci ilin Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifələr qalmaqda idi”.
Deputat bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərpası təmin olunub: “Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması da məhz bu tarixi hadisənin mahiyyətindən irəli gəlir. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunmasının, ölkənin bütün ərazisində Konstitusiyanın və qanunların qüvvəsinin bərqərar edilməsinin rəmzidir”.
Səbinə Salmanova vurğulayıb ki, hazırda əsas mərhələ azad edilmiş ərazilərdə həyatın bərpası və Böyük Qayıdışın təmin edilməsidir: “Ərazi bütövlüyünün bərpası hərbi Zəfəri, dövlət suverenliyinin tam təmin olunması siyasi-hüquqi Zəfəri, Böyük Qayıdış isə bu tarixi nəticələrin sosial və iqtisadi məzmununu ifadə edir. Bu baxımdan Azərbaycan bu gün Zəfərin yeni mərhələsini, quruculuq və inkişaf mərhələsini yaşayır”.
Nigar Xəlilli
18:00 19.09.2026
Oxunuş sayı: 42