Süni intellekt xərçəngi daha tez aşkar edə bilərmi? – Onkoloqdan mühüm xəbərdarlıq
Səhiyyədə süni intellektdən istifadənin genişləndirilməsi Azərbaycanda rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrilir. Azərbaycan Tibb Universitetində Data-analitika və Süni İntellekt Laboratoriyasının yaradılması da bu sahədə elmi və texnoloji imkanların inkişaf etdirildiyini göstərir.
Bu fonda “Səhiyyə və Süni İntellekt Mərkəzi”nin yaradılması təklifi irəli sürülüb. Təklifə əsasən, belə bir mərkəz tibb universitetləri, dövlət qurumları, texnologiya şirkətləri və özəl tibb sektoru arasında əməkdaşlıq platformasına çevrilə bilər. Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının da təsdiqlənməsi səhiyyə daxil olmaqla müxtəlif sahələrdə süni intellekt həllərinin tətbiqi üçün institusional çərçivə yaradır.
Crossmedia.az-a açıqlamasında onkoloq Fərid Museyibov xəstələrin əksəriyyətinin həkimə xəstəliyin daha gec mərhələlərində müraciət etdiyini qeyd edib:
“Onkoloji xəstəliklər artıq əsrin bəlasına çevrilib. Gündən-günə artmaqdadır, həm bizim ölkəmizdə, həm də bütün dünyada. Təbii ki, bizim hər zaman dediyimiz bir şüar var: erkən diaqnoz can qurtarır. Onkoloji xəstəliklərdən əziyyət çəkənlərdə nə qədər erkən diaqnoz qoyularsa, bir o qədər də yaşama müddəti artır. Çox təəssüf ki, bizim yanımıza gələn pasiyentlər üçüncü, dördüncü mərhələdə müraciət edirlər. Üçüncü, dördüncü mərhələdə artıq xəstəlik metastaz vermə durumunda olur. Ona görə də onun qarşısının alınmasında çətinliklər yaranır və sağ qalma şansı da çox aşağı olur”.
Fərid Museyibov müayinələrin, eləcə də süni intellekt texnologiyalarının erkən diaqnostikada roluna da toxunub. Onun sözlərinə görə, süni intellekt MRT, KT və digər müayinələrin qiymətləndirilməsində geniş istifadə olunsa da, texnologiyanın verdiyi nəticələrə tamamilə əsaslanmaq olmaz.
“Süni intellekt bütün dünyada çox geniş tətbiq olunur. İstər xəstəliklərin erkən diaqnostikasında, istərsə də MRT, KT və digər müayinələrdə mühüm rol oynayır. Amma nə qədər mühüm rol oynasa da, burada da hər zaman səhvlər olur. Bəzən elə pasiyentlər olur ki, müayinənin cavabı da səhv çıxır. Ona görə biz hər zaman deyirik ki, tək bir diaqnoza, bir müayinənin cavabına görə xəstəyə son sözü demək olmaz. Ən azı müayinənin cavabına gəldikdə 2-3 mütəxəssisin baxmasına ehtiyac olur”, - deyə Fərid Museyibov vurğulayıb.
Onkoloq süni intellektdən istifadə zamanı xüsusilə onkoloji xəstəliklərdə diqqətli yanaşmanın vacibliyini qeyd edib. O bildirib ki, xəstə sayının çox olduğu hallarda süni intellektdən yararlanmaq mümkün olsa da, yekun qərarın həkim tərəfindən verilməsi daha məqsədəuyğundur.
“Süni intellektin istifadəsində, təbii ki, onkoloji xəstəliklərdə daha diqqətli olmaq lazımdır. Çünki səhv ehtimalı da var. Xəstə sayı çox olduğuna görə istifadə etmək olar. Amma yenə də məsləhətdir ki, hər zaman son sözü insanlar desin, daha doğrusu, həkimlər desin”, - deyə o əlavə edib.
Nigar Xəlilli
18:15 18.09.2026
Oxunuş sayı: 55