Rusiya Britaniyaya xəbərdarlıq edib
Rusiya Xarici İşlər Nazirliyi Ukraynada Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan Britaniya hərbi obyektlərinin qanuni hədəf sayıla biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya XİN bu barədə açıqlama yayıb.
Nazirliyin məlumatına görə, Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakia Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Londonun Ukraynaya pilotsuz uçuş aparatları və digər silah sistemlərinin tədarükünü artırmasına etiraz bildirilib.
Rusiya tərəfi Britaniyanın Ukrayna siyasətini eskalasiya xarakterli hesab etdiyini və bunun münaqişənin uzanmasına səbəb olduğunu bildirib. Moskva həmçinin Londonun Ukraynaya uzaqmənzilli hücum silahları göndərməklə münaqişədə iştirakını artırdığını iddia edib.
Rusiya XİN bəyan edib ki, Moskva özünümüdafiə hüququ çərçivəsində zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Nazirlik Britaniyanı eskalasiya siyasətindən imtina etməyə çağırıb və vəziyyətin daha da gərginləşəcəyi təqdirdə Londonun məsuliyyət daşıyacağını bildirib.
Qeyd edək ki, bu, Rusiyanın Britaniyanın Ukraynaya hərbi dəstəyi ilə bağlı son günlərdə verdiyi növbəti sərt xəbərdarlıqdır. Avqustun 27-də də Rusiya XİN Ukraynanın Britaniya istehsalı uzaqmənzilli raketlərdən istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsi halında Britaniyanın Ukraynada və onun hüdudlarından kənarda yerləşən hərbi obyektlərinin hədəf alına biləcəyini bildirmişdi.
17:24 18.09.2026
Oxunuş sayı: 41