Həkimlərin diqqətinə - 3 il həbs edilə bilərsiniz
Həkim müdaxiləsi nəticəsində xəstənin sağlamlığına ciddi zərər dəydikdə və ya ölüm baş verdikdə məsələ yalnız tibbi mübahisə olaraq qalmaya, hüquqi məsuliyyət məsələsinə də çevrilə bilər. Azərbaycan qanunvericiliyində ehtiyatsızlıqdan insanın ölümünə və ya sağlamlığına zərər vurulmasına görə müxtəlif halları əhatə edən məsuliyyət normaları mövcuddur. Bununla yanaşı, xəstənin müalicə zamanı mənfi nəticə ilə üzləşməsi avtomatik olaraq həkimin hüquqi məsuliyyət daşıması demək deyil. Burada əsas məsələlərdən biri həkimin konkret hərəkəti və ya hərəkətsizliyi ilə yaranmış zərər arasında səbəbli əlaqənin müəyyənləşdirilməsidir. Cinayət Məcəlləsində tibbi fəaliyyətlə bağlı bir sıra əməllərin ehtiyatsızlıqdan sağlamlığa zərər vurması və ya ölümə səbəb olması ayrıca tənzimlənir.
Digər tərəfdən, zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsini tələb edə bilər və qanunvericilikdə zərərin əvəzinin ödənilməsi ilə bağlı ümumi normalar nəzərdə tutulur. Lakin belə iddialarda tibbi müdaxilənin düzgün aparılıb-aparılmadığının, müalicə standartlarına əməl olunub-olunmadığının və yaranmış nəticənin məhz hansı səbəbdən baş verdiyinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu isə işin tibbi sənədlər, müalicə protokolları və ekspert rəyləri əsasında araşdırılmasını tələb edə bilər.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib:
“Burada iki cür məsuliyyətdən söz gedə bilər. Əgər həkim kobud ehtiyatsızlıq edərək xəstənin ölümünə səbəb olubsa və ya ona çox ağır xəsarət yetiribsə, bu, ehtiyatsızlıqdan adam öldürmə və ya sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilər. Buna görə hətta bir neçə il müddətinə azadlıqdan məhrum etmə cəzası da tətbiq oluna bilər. Lakin əksər hallarda, təbii ki, maddi zərərdən söhbət gedir. Yəni insana zərər vurulduqda onun bərpası üçün vəsait tələb olunur. Buna görə də həmin xəstə özünə dəymiş maddi və mənəvi zərərin (çünki burada mənəvi zərər də var, insan əziyyət çəkir) əvəzini həkimdən məhkəmə qaydasında tələb edə bilər. Ancaq bu hal sübut olunmalıdır. Sübut edilməlidir ki, bu zərərə məhz həkim səbəb olub. Çünki əksər hallarda həkim hər şeyi düzgün etdiyini, baş verənlərin sadəcə bədbəxt hadisə olduğunu və özü ilə bağlı olmadığını iddia edəcək".
Hüquqşünas əlavə edib ki, bunu sübut etmək isə bir neçə səbəbdən çətindir: "İstənilən xəstəliyin müalicəsinin, əməliyyatının beynəlxalq aləmdə tanınmış protokolları var. Həkimin hər şeyi düzgün edib-etmədiyi həmin protokollarla yoxlanılmalıdır. Əgər həkim hər şeyi düzgün etdiyini sübut edə bilsə, onu məsuliyyətə cəlb etmək mürəkkəbləşir. Proses zamanı ekspertiza təyin oluna və ekspert xəstəni müayinə edərək rəy verə bilər. Lakin Azərbaycanda normal ekspertiza sistemi demək olar ki, yoxdur. Səhiyyə sahəsi mürəkkəbdir və bu sahədə peşəkar ekspertlərimiz kifayət qədər deyil. Hətta xəttşünaslıq kimi sadə ekspertizalarda belə ciddi nöqsanlar var. Ekspertlərin özləri də tibb sahəsinin nümayəndələri olduqları üçün həmkarının əməlini ört-basdır etməkdə maraqlı ola və ya tərəflərdən maddi maraq götürə bilərlər. Xəstə şikayət edərkən onu müdafiə edən vəkilin də tibb sahəsini yaxşı bilməsi vacibdir. Lakin ölkədə bu sahə üzrə ixtisaslaşmış peşəkar vəkillər demək olar ki, yox dərəcəsindədir.”
Zeynəb Həsən
17:35 18.09.2026
Oxunuş sayı: 49