Türkiyədə yeni zirehli maşın sınaqdan keçirilib
Türkiyənin “Otokar” şirkəti ilə İtaliyanın “Leonardo” şirkəti tərəfindən hazırlanan TULPAR tırtıllı zirehli maşınının 120 mm-lik topa malik HITFACT MkII qülləsi ilə inteqrasiyası və atəş sınaqları tamamlanıb.
Crossmedia.az xəbər verir ki, sınaqlar müxtəlif ssenarilər üzrə həm stasionar, həm də hərəkətdə olan vəziyyətdə həyata keçirilib. Testlər zamanı zirehli maşının atəşə nəzarət və stabilizasiya sistemləri, eləcə də 120 mm-lik topun texniki göstəriciləri yoxlanılıb.
“Leonardo” şirkətinin məlumatına görə, HITFACT MkII dünyada 120 mm-lik yivsiz topla təchiz edilmiş və yüngül və orta çəkili zirehli platformalara inteqrasiya oluna bilən yeganə qüllədir.
Şirkət bildirib ki, qüllə həmçinin idarəolunan “Vulcano 120” döyüş sursatlarından istifadə imkanına malikdir.
TULPAR platformasının yeni qüllə ilə sınaqlarının başa çatdırılması Türkiyənin zirehli texnika sahəsində müxtəlif çaplı silah sistemlərinin orta çəkili platformalara inteqrasiyası istiqamətində həyata keçirdiyi işlərin növbəti mərhələsi kimi qiymətləndirilir.
17:40 18.09.2026
Oxunuş sayı: 45