Aİ- Husilərin hücumları dünya iqtisadiyyatına zərbə vurur
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas husilərin Səudiyyə Ərəbistanına hücumlarını qəbuledilməz adlandırıb və bu hücumların qlobal iqtisadiyyata zərər vurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Kallas bu barədə sosial şəbəkədə paylaşım edib.
Kallas Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla Yəməndə döyüşlərin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin azadlığının bərpası ilə bağlı diplomatik səyləri müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçilik sərbəst və maneəsiz qalmalıdır. Aİ rəsmisi həmçinin dəniz keçidinin hər hansı rüsumlardan azad olmasının vacibliyini vurğulayıb.
Kallas qeyd edib ki, Aİ Qırmızı dənizdə gəmiçiliyin husilərin hücumlarından qorunmasına kömək edir. Bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Aİ-nin ASPIDES əməliyyatı çərçivəsində xidmət göstərən hərbi gəmilərin hazırlıq səviyyəsi artırılıb.
Aİ daha əvvəl də husilərin Səudiyyə Ərəbistanına və kommersiya gəmiçiliyinə qarşı hücumlarını pisləyərək, bu addımların regional sabitliyə təhlükə yaratdığını və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini pozduğunu bildirib.
17:34 18.09.2026
Oxunuş sayı: 45