Mikayıl Cabbarov: Azərbaycan 2030-cu ilədək texnoloji dəyişikliklərin imkanlarından yüksək səriştə ilə yararlanmağı hədəfləyir
Azərbaycanın 2030-cu ilədək əsas hədəflərindən biri texnoloji dəyişikliklərin yaratdığı imkanları yüksək səriştə ilə qəbul edən və onlardan səmərəli istifadə edən tərəfə çevrilməkdir.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku Investment Day) festivalında çıxışı zamanı deyib.
Nazir bildirib ki, savadlılıq anlayışının müasir tərifi texnologiya, xüsusilə də süni intellektlə sıx bağlıdır. Onun sözlərinə görə, dünyada bu texnologiyaları yaradanlar və onları qəbul edənlər olmaqla iki əsas yanaşma mövcuddur.
M.Cabbarov əmək bazarında texnoloji dəyişikliklərin yaratdığı perspektivlərə də toxunub. O qeyd edib ki, yaxın 4 il ərzində yalnız insan müdaxiləsi ilə həyata keçirilən iş yerlərinin sayının 50 faiz azalacağı, insan və texnologiyanın birgə fəaliyyətinə əsaslanan iş yerlərinin sayının isə 50 faiz artacağı gözlənilir. Tamamilə avtomatlaşdırılmış işlərin sayında isə mövcud baza ilə müqayisədə 4 faizlik artım proqnozlaşdırılır.
İqtisadiyyat naziri vurğulayıb ki, bu dəyişikliklər istedad və rəqabətədavamlılıq anlayışlarına da yeni məzmun qazandırır.
“İstedad dedikdə artıq yalnız klassik oxuma, yazma və riyaziyyat bacarıqları nəzərdə tutulmur. Rəqabətədavamlılıq üçün rəqəmsal üstünlüklər şərt hesab edilir”, – deyə M.Cabbarov bildirib.
Azərbaycan makroiqtisadi və makromaliyyə sabitliyi mərhələsini tamamlayıb
Nazir qeyd edib ki, Azərbaycan inkişaf üçün zəruri olan makroiqtisadi və makromaliyyə sabitliyi mərhələsini uğurla başa vurub.
M.Cabbarovun sözlərinə görə, müstəqilliyin bərpasından sonra regionun ilk dəfə münaqişələrdən azad olması, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artan kapitallaşması, eləcə də qlobal böhranlar fonunda Azərbaycanın nümayiş etdirdiyi güclü davamlılıq ölkəyə keyfiyyət üstünlüklərindən yararlanmaq imkanı verir.
“Bu, bizə keyfiyyət üstünlüklərimizdən yararlanmaq imkanı verir. Hökumət də özəl sektora diqqəti artıraraq dəstəkləyici siyasətlər həyata keçirməyə davam edir”, – deyə iqtisadiyyat naziri vurğulayıb.
Ayhan
11:43 17.09.2026
Oxunuş sayı: 49