Tramp pərdəarxasında Moskvaya daha çox üstünlük verir
Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təşəbbüsü gündəmə gəlib. ABŞ Prezidenti Donald Trampın təklifinə Moskva müsbət yanaşıb və Kremlin sözçüsü Dmitri Peskov bunu “çox yaxşı ideya” adlandırıb. Bununla belə, Rusiya təşəbbüsün həyata keçirilməsi üçün digər şərtləri, o cümlədən enerji daşıyıcılarının daşındığı kommersiya gəmilərinin təhlükəsizliyini və Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını da gündəmə gətirib.
Moskvanın bu mövqeyi Ukrayna müharibəsində enerji infrastrukturunun hədəfə alınmasının dayandırılması məsələsini yenidən diplomatik gündəmin əsas mövzularından birinə çevirir. Kiyev isə Trampın açıqladığı razılaşmanın hələ rəsmən təsdiqlənmədiyini bildirərək, Rusiyanın da eyni addımı atması və konkret təminatların verilməsini tələb edir.
Siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmaqla bağlı tövsiyəsinin arxasında bir neçə məqsəd dayanır: “Trampın Zelenskiyə belə bir təklif etməsi xüsusi məqsədlər daşıyır. Burada Trampın əsas hədəflərindən biri hazırda Ukraynanın zərbələri qarşısında Rusiyanın mövqeyinə dəstək verməkdir. Sirr deyil ki, az əvvəl Moskvada və Kiyevdə Trampın xüsusi nümayəndələrinin apardığı danışıqların da pərdəarxasında Trampın Moskvaya daha çox üstünlük verməsi dayanır. Hətta görüşlərdən sonra Trampın Putinlə telefon danışığından sonra Moskvanın sülhə hazır olduğunu bəyan etməsi bir daha göstərdi ki, Tramp Moskvanın mövqeyini daha çox dəstəkləyir”.
Aydın Quliyev bildirib ki, Ukraynanın Rusiyanın enerji sektoruna endirdiyi zərbələr Moskvanın gəlirlərinə təsir göstərir. “İndi Zelenskiyə Rusiyanın enerji və dizel yanacağı obyektlərinə vurulan zərbələri dayandırmağı tövsiyə etməsi, birinci növbədə, Rusiyanın mövqeyinə verilən bir dəstəkdir. Çünki hamı görür ki, Ukraynanın belə zərbələri Rusiyanın iqtisadiyyatına olduqca mənfi təsir göstərir və Rusiyanı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində böyük bir gəlir mənbəyindən məhrum edir. Zelenski həm neftayırma zavodlarını, həm də neft satışı məntəqələrini vurur. Bu isə o deməkdir ki, Moskva böyük bir gəlir mənbəyindən məhrum olur”.

Siyasi şərhçinin sözlərinə görə, Trampın təklifinin ikinci məqsədi enerji qiymətlərinin bahalaşması ilə bağlı müzakirələrdə Ukrayna faktorunu ön plana çıxarmaqdır. “Beləliklə, Trampın təklifinin birinci hədəfi Rusiyanın mövqeyini dəstəkləmək və Ukraynanı indiki şəraitdə müəyyən güzəştlərə məcbur etməkdir. İkincisi, Tramp İranla müharibə ucbatından dünyada neftin və dizelin qiymətinin hədsiz bahalaşmasının əsl səbəbini ört-basdır etməyə çalışır. Trampın bu tövsiyəsində belə bir məntiq var ki, dünyada dizelin, neft yanacağının qiymətinin bahalaşmasının səbəbi guya Ukraynanın Rusiyanın neft obyektlərinə endirdiyi zərbələrdir. Amma əslində, hamı bilir ki, dünyada neftin qiyməti fantastik dərəcədə o zaman yüksəlməyə başladı ki, Amerika İrana qarşı müharibəyə başladı. Beləliklə, Trampın Zelenskiyə verdiyi bu məsləhət taktik xarakterlidir və bu təklifin arxasında iki başlıca məqsəd dayanır”.
Nigar Xəlilli
17:00 16.09.2026
Oxunuş sayı: 47