Yaxın Şərqdə geosiyasi vəziyyət dəyişir - ABŞ geri çəkilir
Yaxın Şərqdə dəniz yolları üzərində nəzarət uğrunda mübarizə müharibənin ən mühüm strateji istiqamətlərindən birinə çevrilir. Hörmüz boğazı uzun illərdir qlobal enerji təhlükəsizliyi baxımından dünyanın ən həssas nöqtələrindən biri hesab olunur. Fars körfəzi ilə Oman körfəzini birləşdirən bu boğazdan dünya üzrə dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsi keçir və burada yaranan istənilən ciddi gərginlik qlobal enerji bazarlarına təsir göstərə bilər. Babəlməndəb boğazı isə Qırmızı dənizlə Ədən körfəzini birləşdirərək Asiya ilə Avropa arasındakı mühüm dəniz ticarət marşrutlarından birinə çıxış yaradır. Bu səbəbdən həmin iki strateji keçiddə təhlükəsizlik vəziyyətinin pisləşməsi yalnız Yaxın Şərq ölkələrini deyil, dünya enerji və logistika sistemini də narahat edir. Husilərin Babəlməndəb istiqamətində hərbi imkanlarının genişlənməsi İranın regiondakı müttəfiqləri vasitəsilə təsir imkanlarını artırması ilə bağlı müzakirələri də gücləndirib. Eyni zamanda, ABŞ-nin bölgədəki hərbi-siyasi mövqeyi, Səudiyyə Ərəbistanının təhlükəsizliyi və mümkün yeni regional ittifaqlar məsələsi yenidən gündəmə gəlib. Əgər qarşıdurma genişlənərsə, enerji marşrutları ilə yanaşı, Yaxın Şərqdəki güc balansının da dəyişməsi ehtimalı artır. Yaxın Şərqin geosiyasi vəziyyəti təmamilə dəyişir. Husilərin və İranın bölgədə əsas strateji ərazilərə nəzarəti ələ keçirməsi ABŞ-nin mövqeyinin zəiflədiyini göstərir. Bəs Babəlməndəb boğazında yaranan yeni vəziyyət İran üçün hansı strateji üstünlükləri yarada və regionda hansı yeni qarşıdurma xəttlərini formalaşdıra bilər?
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Babəlməndəb boğazının husilərin nəzarətinə keçməsi Yaxın Şərqdə və ABŞ-İran qarşıdurmasında yeni şərait yaradır:

“Babəlməndəb boğazının husilər tərəfindən nəzarətə götürülməsi Yaxın Şərq müharibəsində, yaxud da Amerika–İran müharibəsində yeni şəraitin ortaya çıxması deməkdir. Yəni, bu gün əgər İran Hörmüz boğazını nəzarətdə saxlayırsa və dünya enerji ehtiyaclarının 20 faizinin keçməsinə imkan vermirdisə, indi Babəlməndəb boğazı da ona qoşulur. Bunun da üstünə gəldikdə, hardasa 32–33 faiz enerji resursları dünya bazarına çıxa bilmir. Bu, İranın mövqelərini gücləndirir, eyni zamanda dünya iqtisadiyyatına ciddi təsir göstərir. İkinci boğazın, yəni Babəlməndəb boğazının İranın müttəfiqlərinin əlinə keçməsi regionda İranın mövqeyinin də güclənməsi deməkdir. Eyni zamanda, təbii ki, Amerika Birləşmiş Ştatlarının, xüsusilə də Babəlməndəb boğazında Səudiyyə Ərəbistanına yardım etməməsi və ya edə bilməməsi, Amerika Birləşmiş Ştatlarının da bu və ya digər formada bu müharibəyə girməkdən imtina etməsi deməkdir. Deməli, bu gün İranla qarşı-qarşıya dayanan İsrail və sonradan — ən böyüyü isə — Amerika Birləşmiş Ştatlarıdır. Əgər Amerika Birləşmiş Ştatları Babəlməndəb boğazında İranla, yaxud da İranın proksisi və müttəfiqi ilə üz-üzə gəlməkdən imtina edirsə, Səudiyyə Ərəbistanına yardım etməkdən imtina edirsə, bu, heç şübhəsiz, İranın mövqelərinin möhkəmlənməsi və İranın proksilərə daha ciddi təsir imkanlarının artması deməkdir. Təbii ki, bu gün əgər Amerika Birləşmiş Ştatları İrana qarşı ciddi tədbirlər görmürsə, görmək istəmirsə, gələcəkdə İranla qarşıdurmada bu, təkcə Amerika Birləşmiş Ştatları üçün deyil, o cümlədən region ölkələri və ümumiyyətlə, dünya ölkələrinə qarşı ciddi təhlükə ola bilər. Heç şübhəsiz, Babəlməndəb boğazının nəzarətə götürülməsi və İranın “proksi”si adlandırılan husilər tərəfindən nəzarətə götürülməsi İranın mövqelərinin daha da möhkəmlənməsinə təsir edəcək. Amma digər tərəfdən, bu gün Amerika Birləşmiş Ştatları İrana qarşı dayanan qüvvədir. Gələcəkdə İranın mövqeyinin güclənməsindən narahat olan, təşvişə düşən digər dövlətlər də İrana qarşı mübarizəyə qoşula bilər və İrana qarşı yeni ittifaqların yaranması artıq reallaşa bilər. Yəni, digər dövlətlər də Amerika Birləşmiş Ştatları ilə birlikdə İrana qarşı müharibəyə başlayarlar ki, bu da məhz Amerika Birləşmiş Ştatlarının istəyidir. Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları İrana qarşı müharibəni digər NATO ölkələrinin yardımı olmadan həyata keçirirdi. Amma İran təhlükəsinin artması, düşünürəm ki, NATO ölkələrinin də Amerika Birləşmiş Ştatları ilə birlikdə sırada durması ilə nəticələnə bilər. Digər tərəfdən, husilərin Səudiyyə Ərəbistanını atəşə tutması, onun neft yataqlarını və boru xətlərini sıradan çıxarması Türkiyə və Pakistanla da bu qrup arasında yeni münaqişə forması yaradır. Düşünürəm ki, yaxın günlərdə husilərə qarşı və husilərlə birlikdə İrana qarşı yeni koalisiyaların, yeni qüvvələrin ortaya çıxmasının şahidi olacağıq”.
Zeynəb Həsən
18:10 14.09.2026
Oxunuş sayı: 53