Polşa hərbçiləri Ukrayna qırıcısını TANIMADI: “Dost atəşi” təhlükəsi yarandı
Rusiya ordusunun iyulun 30-da Ukraynaya hücumu zamanı Polşa hərbçiləri sərhəd yaxınlığında uçan Ukraynaya məxsus MiQ-29 qırıcısını vaxtında tanımayıb və bu, mümkün “dost atəşi” riski yaradıb.
Crossmedia.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı general-leytenant İreniuş Novak bu barədə “Rzeczpospolita”ya açıqlamasında məlumat verib.
Novakın sözlərinə görə, iyulun 30-da Rusiya hücumu zamanı Polşa hava məkanına raket daxil olub. Həmin vaxt iki Polşa F-16 qırıcısı patrul həyata keçirib. Onlardan biri havada yanacaq doldurarkən, digəri Ukrayna sərhədi yaxınlığında missiyada olub.
Təxminən saat 04:00-da Polşa qırıcısının pilotu və yerüstü komanda sərhəd yaxınlığında hərəkət edən naməlum hava obyektini müəyyən edə bilməyib. Obyekt Polşanın yerüstü hava hücumundan müdafiə sistemləri tərəfindən də izlənilib.
Sonradan həmin obyektin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı olduğu müəyyənləşib. Novak bildirib ki, əgər Ukrayna pilotu vəziyyəti düzgün qiymətləndirməsə və təsadüfən Polşa hava məkanını pozsaydı, hadisə “dost atəşi” ilə nəticələnə bilərdi.
Koordinasiya qaydaları dəyişdirilib
Hadisədən sonra Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına və Hərbi Hava Qüvvələri Komandanlığına məktub göndərərək Ukrayna hərbi aviasiyasının Polşa sərhədi yaxınlığındakı uçuşları barədə əvvəlcədən məlumat verilməsini istəyib.
Bundan əvvəl Polşa tərəfinə Ukraynanın “Viraj” hava hücumundan müdafiə idarəetmə sistemi vasitəsilə yalnız Rusiya raketləri və pilotsuz uçuş aparatları barədə məlumat ötürülüb. İyulun 30-dakı hadisədən sonra isə Ukrayna sərhəd ərazisində fəaliyyət göstərən öz hərbi təyyarələri barədə də məlumat verməyə başlayıb.
18:15 14.09.2026
Oxunuş sayı: 45