Azərbaycana axan Basitçayda CİDDİ ÇİRKLƏNMƏ: Suda civə tapıldı
Bəsitçayın Ermənistan ərazisində yerləşən hissəsində suyun tərkibində normadan dəfələrlə artıq civə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bu barədə Qafan rayonunun Çav kəndinin sakininin müraciətindən sonra aparılan analizlər nəticəsində məlum olub.
Sakin evinin kran suyunda metal kütləyə bənzər maddə aşkarladığını bildirib. Bundan sonra Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yerli əməkdaşları evdən su nümunəsi götürüblər. Analiz zamanı suda civənin normadan dəfələrlə yüksək olduğu müəyyən edilib.
Göstəricinin yüksək olması və əvvəlki kimyəvi araşdırmalarda belə bir kənarlaşmanın qeydə alınmaması səbəbindən dörd müxtəlif nöqtədən təkrar nümunələr götürülüb. Sentyabrın 11-də əldə olunan nəticələrdə də eyni göstəricilər qeydə alınıb.
Bununla bağlı bütün aidiyyəti qurumlara məlumat verilib. Çav kəndinin sakinlərinə suyun keyfiyyəti bərpa olunana qədər onu içməli və məişət məqsədləri üçün istifadə etməmək tövsiyə olunub.
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan da yerli sakinləri çay suyundan istifadə etməməyə çağırıb. O, içmək, qida məhsullarını yumaq, yemək hazırlamaq və digər məişət ehtiyacları üçün yalnız icma tərəfindən təqdim olunan və ya qablaşdırılmış sudan istifadə etməyi tövsiyə edib.
Hazırda suyun civə ilə çirklənməsinin səbəbləri araşdırılır.
Bəsitçay Ermənistanın cənubundan, Qərbi Zəngəzur ərazisindən başlayır və Azərbaycanın Zəngilan rayonundan keçərək Araz çayına tökülür. Çayın uzunluğu 40 kilometrdir. Bunun 25 kilometri Ermənistan, 15 kilometri isə Azərbaycan ərazisindən keçir.
Bəsitçayın vadisi Qafqazda yeganə təbii çinar meşəliyinin yerləşdiyi ərazilərdən biridir.
Ermənistan ərazisindən başlayaraq Azərbaycan ərazisindən keçən çaylarda təhlükəli maddələrlə çirklənmə halları daha əvvəl də qeydə alınıb. Zəngilan ərazisindən keçən Oxçuçayda ağır metallar və digər toksik maddələrlə çirklənmə nəticəsində ekosistemə ciddi zərər dəydiyi barədə məlumatlar yayılıb.
18:07 14.09.2026
Oxunuş sayı: 59