Türk Dövlətləri Təşkilatının sammitində iştirak edən liderlər Ankarada fidan əkiblər
Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvəsində iştirak etmək üçün Ankaraya gələn liderlər Türk Dövlətləri Mədəniyyət Parkında keçirilən fidanəkmə mərasimində iştirak ediblər.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində təşkil olunub.
Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər. İştirakçılar parkda şam ağaclarının tinglərini əkiblər.
Fidanəkmə mərasimindən sonra qonaqlar üçün musiqi və ənənəvi rəqs çıxışları təqdim olunub. Liderlər türk dünyasının ortaq tarixi və mədəni irsini simvolizə edən Orxon abidələrinin nümunələri qarşısında xatirə şəkli çəkdiriblər.
Proqram çərçivəsində qonaqlara türk mədəni irsini əks etdirən memarlıq və tarixi abidələrin miniatürləri də nümayiş etdirilib. Tədbirlər türk dövlətləri arasında həmrəyliyin, mədəni əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
20:45 29.10.2026
Oxunuş sayı: 50