Eynək taxan insanlar cərimələnə bilər
Ağıllı eynəklərin gündəlik həyatda istifadəsinin genişlənməsi texnologiyanın imkanları ilə yanaşı, şəxsi məxfiliyin qorunması məsələsini də gündəmə gətirib. Kamera və səs yazma funksiyalarına malik bu cihazlar vasitəsilə insanların xəbəri olmadan görüntülərinin çəkilməsi və danışıqlarının qeydə alınması narahatlıq doğurur. Bu isə texnologiyanın istifadəsinə dair hüquqi tənzimləmənin vacibliyini gündəmə gətirir. Maraqlıdır bu texnoloji cihazın qanun pozuntusuna yol verməsininin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı hüquqşünas Ülvi Nağıyev Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt dəstəkli “ağıllı eynəklər”in geniş yayılması şəxsi toxunulmazlıq hüququnun qorunması məsələsini daha da aktuallaşdırır:
“Hələ süni intellekt dəstəkli yeni nəsil "ağıllı eynəklər" geniş yayılmadan əvvəl də qarşı tərəfin xəbəri və razılığı olmadan səs və ya video görüntülərinin qeydə alınması şəxsi toxunulmazlıq hüququnun pozulması hesab olunurdu. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində, yəni şəxsi toxunulmazlıq hüququ ilə bağlı müddəalarda öz hüquqi təsbitini tapıb. Zaman dəyişdikcə və texnoloji tərəqqi sürətləndikcə, xüsusilə də süni intellektin inkişafı ilə gizli çəkiliş imkanları "ağıllı eynəklər" kimi gündəlik aksessuarlara da inteqrasiya olunur. Bu sadələşdirmə fonunda insan hüquqlarının qorunması məsələsi daha da aktuallaşır. Çəkiliş aparıldığı zaman qarşı tərəfi hər dəfə şifahi şəkildə məlumatlandırmaq praktiki baxımdan əlverişli olmaya bilər. Bunun əvəzinə, cihazların dizaynında texniki xəbərdarlıq mexanizmlərinin tətbiqi vacibdir. Məsələn, eynək aktiv qeyd rejimində olduqda, qarşıdakı şəxsin aydın görə biləcəyi və sönməyən işıq indikatorunun yanması və ya gövdə üzərində xüsusi xəbərdarlıq nişanının yerləşdirilməsi effektiv həll yolu ola bilər. Bu cür texniki standartların istehsal səviyyəsində tətbiqi və qanunvericiliyə müvafiq əlavələrin edilməsi vətəndaşların şəxsi toxunulmazlıq hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edə bilər”.
Nuray Mehtiyeva
19:10 14.09.2026
Oxunuş sayı: 48