Mirşahin kitabından danışdı: Çox populyar dərs vəsaitidir
Bu gün Azərbaycan Mətbuat Şurasında görkəmli alim, professor, tanınmış jurnalist və pedaqoq Şirməmməd Hüseynova həsr edilmiş “İstiqlal söhbətləri” kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi Əməkdar jurnalist, Real Təhlil İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayevdir.
Mirşahin Ağayev Crossmedia.az-a açıqlamasında kitabın jurnalistlər üçün əhəmiyyətindən danışıb: "Bu kitabın jurnalistlər üçün əhəmiyyəti, ilk növbədə, bir jurnalistika nümunəsi olmasıdır. Orada söhbət verilən suallardan yox, verilən cavablardan gedir və hər bir cavab olduqca faydalı, konstruktiv faktlardan ibarətdir. Şirməmməd müəllimin həmin müsahibəsi və müsahibələri, nöqtəbənöqtə bir dərs vəsaitidir. Amma eyni zamanda çox populyar bir dildə hazırlanmış dərs vəsaitidir — hər bir kəsin başa düşəcəyi dildə...
Şirməmməd müəllim orada tarixçi kimi danışmır, hər bir kəsin başa düşəcəyi tərzdə, bir müəllim kimi danışır. Kitabı oxuyanlar görəcək ki, orada necə ki, Cahangir müəllimin çıxışlarını qulaq asırsınız, Jurnalistika fakültəsində hörmətli, doğma müəllimlərimizin mühazirələrində, seminarlarında iştirak edirsiniz, onların suallarına cavab verirsiniz və yaxud sizin suallarınıza onlar cavab verir — həmin tərzi orada da görəcəksiniz. Bu mənada bu kitab unikaldır. Bu kitabı unikal edən Şirməmməd müəllimdir. Və yenə də deyirəm, burada əsas yük, əsas potensial, əsas gərginlik Ülkər xanımın üzərinə düşür. Bu kitabın müəllifi, əslində, iki nəfərdir: Şirməmməd Hüseynov və Ülkər Hüseynova".
Ayhan
18:45 14.09.2026
Oxunuş sayı: 58