Yaxın Şərqdə vəziyyət gərginləşir - Avropa İsrailə qarşı
Türkiyənin 12 ölkənin İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki qanunsuz yaşayış məntəqələri ilə ticarət və biznes əlaqələrinin məhdudlaşdırılmasına yönələn addımlarını dəstəkləməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib. Ankara bu qərarı dəstəkləməklə yanaşı, beynəlxalq ictimaiyyətin digər üzvlərini də İsrailin işğal siyasətinə qarşı oxşar tədbirlər görməyə çağırıb.
Politoloq Fikrət Sadıqov İsrailə qarşı tətbiq olunan sanksiyalar və Türkiyənin bu prosesə qoşulması ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, artıq bir sıra Avropa və Yaxın Şərq dövlətləri İsrailə qarşı sanksiyalar tətbiq edib: “Reallıq odur ki, artıq İsrailə qarşı bir neçə Avropa dövlətləri və hətta Yaxın Şərq dövlətləri sanksiya tətbiq edib. Nəinki sanksiya, hətta Beynəlxalq Məhkəmə order təsdiqləyib Netanyahuya qarşı. Çünki onu Beynəlxalq Məhkəmədə bir sıra cinayətlərdə ittiham eləyirlər. Söhbət ondan gedir ki, əlbəttə, Qəzza zolağında İsrail tərəfindən atılan addımlar, müharibə, tökülən qanlar ola bilsin ki, müəyyən qırmızı xətti keçib”.
Fikrət Sadıqov qeyd edib ki, Türkiyənin İsrailə qarşı sanksiyalara qoşulması Ankara tərəfindən Qəzza zolağında baş verənlərə münasibətin göstəricisidir: “Və təbii ki, Türkiyənin bu sanksiyalara qoşulması tam, faktiki olaraq bu reallığa uyğun bir addımdır. Çünki Ankara hesab edir ki, belə hərəkət etməzlər, dinc əhaliyə qarşı sərt addımlar, faktiki olaraq neçə min adamların məhv olunmasına gətirib çıxarıb və təbii ki, Türkiyə bu məsələdə obyektiv bir mövqe nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, Türkiyənin bu mövqeyi digər dövlətlərlə münasibətlərdə mütləq gərginlik yaradacağı anlamına gəlmir: “Amma bu da bir reallıqdır ki, təbii ki, Türkiyə heç kəsi bu sanksiyalara qoşulmağa məcbur edə bilməz. Çünki hər bir dövlət özü müstəqil şəkildə öz xarici siyasət addımlarını atır və düşünmürəm ki, bu, həmin o dövlətlərlə Türkiyə arasında müəyyən bir gərginliyə gətirib çıxara bilsin”.
Nigar Xəlilli
19:15 09.09.2026
Oxunuş sayı: 46