İki gəncin həyatına son qoyan “zipline”: özünü təmizə çəkən “Şəki yaylası” və cavabsız qalan suallar
İki gün əvvəl Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nin kanat xəttində baş verən faciənin qurbanları olan Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq vəfat etdilər. Prokurorluğun ilkin araşdırması açıq şəkildə göstərir: kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb, əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Bu, sadəcə texniki nasazlıq deyil — uzun müddət göz yumulmuş, qəsdən və ya cinayətkar laqeydliklə yoxlanılmayan ölüm tələsidir.
Hadisə baş verən kimi bütün mətbuat orqanları xəbəri yayımladı. Lakin bəzi “media qurum”larının vicdanını satmış “jurnalist”ləri iki gəncin ölümünü ört-basdır etmək, istirahət mərkəzinin imicini xilas etmək üçün dərhal istirahət mərkəzinin sifarişli müdafiəsinə keçdilər. İki canın qiymətinə sahibkarın cibini və adını qorumaq üçün yazılan bu “materiallar” jurnalistika deyil, birbaşa əxlaqsızlıqdır. İstirahət mərkəzinin rəhbəri öz məsuliyyətsizliyinin və cinayətkar laqeydliyinin üstünü örtmək üçün məhz belə vicdanını itirmiş qələmlərə möhtac qalıb.
Bəziləri iddia edir ki, kanata çıxmamışdan əvvəl aşağıda sənədlər, o cümlədən sığorta kağızı imzalanır. Bu iddia hadisədən əvvəl eyni kanata minən sakinlər tərəfindən açıq şəkildə yalanlandı. Yəni sahibkarın və onun “müdafiəçiləri”nin yalanı artıq ifşa olunub. Bu yalanlar isə yalnız bir məqsəd güdür: məsuliyyəti qurbanların və ya onların yaxınlarının üstünə atmaq.
Qeyd edək ki, bu obyektdə əvvəllər də ciddi texniki problemlər yaşanıb. Avqustun 19-da turistlər “zipline”ə miniblər, lakin mənzil başına çatmadan yolda qalıblar. Onları yalnız əməkdaşlar xilas edib endirib. Bu hadisə artıq xəbərdarlıq idi. Amma heç kim ciddi tədbir görmədi. Çünki sahibkar üçün qazanc, insan həyatından qat-qat önəmlidir.
Araşdırmalarımız göstərir ki, bu istirahət mərkəzinin rəhbəri bir neçə iri obyektə sahib olan şəxsdir. Öz vicdansızlığını, məsuliyyətsizliyini və cinayətkar laqeydliyini gizlətmək üçün hər yola əl atır — media sifarişindən tutmuş, yalan bəyanatlara qədər. İndi isə iki ailə gözüyaşlıdır. Həmin gənclər hər kəs kimi pul verib istirahət etmək istəyirdilər. Onlar kanatın deformasiyaya uğrayan dəmirlərini, sıradan çıxmış metal konstruksiyaları yoxlamaq məcburiyyətində deyildilər və olmamalıydılar. Bu işlə məşğul olan qurumlar hara baxırdı? Nə üçün ölümə səbəb ola biləcək nasazlıq vaxtında aşkar edilmədi? Nə üçün əvvəlki hadisədən sonra heç bir real yoxlama, heç bir cəza, heç bir dayandırma olmadı?
Suallar çoxdur və bu suallar cavabsız qalmamalıdır. Daha çox canın qurban getməməsi üçün obyektin, sahibkarın, ona xidmət edən “jurnalistlərin” və yoxlama qurumlarının məsuliyyəti gündəmdə olmalıdır. Bu məsələni ört basdır etmək istəyən “jurnalist”lərin fəaliyyəti isə təssüf doğurur. Bu məsələni örtmək istəyən hər bir kəs bilməlidir ki, istirahət etmək istəyən 2 şəxs faciəvi şəkildə vəfat etdi və iki ailə hazırda yasdadır.
Bu məsələ sadəcə 2 ailənin faciəsi də deyil. Nəzərə almaq lazımdır ki, Şəki turistik zonadır və hər il minlərlə turist Şəkiyə gəlir. Bu cür məsuliyyətsizlik, diqqətsizliyin gətirdiyi bu faciəvi nəticə tursitlərin də ağlında bölgə ilə bağlı suallar yaradır. Bu suallar turizmə də ciddi ziyan vurur.
Milli Məclisin deputatı Aqil Abbas məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, hüquq mühafizə orqanları bunu araşdırmalı lazımi addımı atmalıdır: “Bu faciədir. Olmalı deyildi bu hadisə. Nə deyə bilərəm? Deyəcək söz yoxdu. Yoxlamayıblar, təhlükəsizlik tədbirləri görməyiblər və məsuliyyətsizliyin nəticəsində bu faciə baş verib”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə açıqlamasında qeyd edib ki, istintaq və araşdırma davam edirsə, heç kimi günahlandırmaq olmaz: “Heç kim də mənə sığorta sənədi imzaladıb yarğandan yaxud sıldırım qayadan dərəyə təpik vurub ata bilməz. Bu nə deməkdir ki? Sığorta sənədi imzaladıb sığortalaya bilmirlər. Bizdə məsuliyyət hissi çox aşağı səviyyədədir. Pul dalınca qaçırlar, pul yığmağa hazırdırlar amma öz öhdəliklərinə cavab verə bilmirlər. Jurnalistlər də ora ya tapşırıqla gediblər ya da hansısa nazirin, ya da yüksək vəzifəli şəxsin obyektidir ki, öz imicini qorumaq üçün bu cür addımlar atıb, jurnalistləri yığıb ora. Bu tip jurnalistlər də özlərinə jurnalist deməsinlər”.

Təhlükəsizlik eksperti Samir Nəbiyev açıqlamasında bildirib ki, hesab edilən və qiymətləndirilməsi zəruri olan bir çox məsələ qurğuların müstəqil texniki yoxlamaları zamanı ətraflı təhlil edilməlidir: “Metal dayaqlar, qaynaq birləşmələri, ankerlər, troslar və hərəkət mexanizmləri yoxlanmalı, həmçinin konstruksiyanın hərəkəti zamanı yaranan yüklər də müvafiq hesablamalarda nəzərə alınmalı və qiymətləndirilməlidir. Zəruri hallarda dağıtmadan, yəni qeyri-dağıdıcı nəzarət üsulları və yoxlama metodları tətbiq edilməlidir. Kanat parkları üzrə beynəlxalq təcrübəyə istinad edilərək, EN 15567-1 standartının tələbləri əsasında layihələndirmə, konstruksiya, inspeksiya və texniki xidmət üzrə müvafiq təhlükəsizlik sistemi həyata keçirilməlidir. Ehtiyat mühafizə sisteminin əsas sistemdə nasazlıq yarandığı zaman insanı qoruyub-qorumadığı ayrıca yoxlanmalıdır. Mühəndis qiymətləndirilməsi zamanı eyni nasazlığın hər iki mühafizə sisteminin sıradan çıxmasına səbəb ola bilməsi də nəzərə alınmalıdır. Bu təlimatlarda ehtiyat təhlükəsizlik avadanlığının inspeksiyası ayrıca göstərilməlidir”.

Ekspert qeyd edib ki, gündəlik, açılışdan əvvəl sənədləşdirilmiş yoxlama aparılmalı, istehsalçının təlimatlarına uyğun olaraq dövri texniki xidmət və müstəqil inspeksiya təmin edilməlidir: “Bu işlər üçüncü tərəf tərəfindən, müvafiq ixtisas və səlahiyyətə malik mütəxəssislər tərəfindən icra edilməlidir. Yoxlamalar ən azı ildə bir dəfə mütləq qaydada həyata keçirilməlidir. Lakin zərurətdən və avadanlığın istismar şəraitindən asılı olaraq mütəxəssis bu yoxlamaların rüblük və ya altı aylıq intervallarla keçirilməsini də tələb edə bilər. Hər bir istifadəçinin qoruyucu bağlantıları yoxlanmalı, istifadədən əvvəl şərait və mümkün risklər nəzərə alınaraq müvafiq hazırlıq və yoxlama işləri aparılmalıdır. Təhlükəli qüsur aşkar edildikdə qurğunun fəaliyyəti dərhal dayandırılmalı və təhlükəsizliklə bağlı çatışmazlıqlar tam aradan qaldırılana qədər onun istifadəsinə icazə verilməməlidir”.
Fövqəladə Hallar Nazirliyi isə sorğumuza cavab olaraq bildirib ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: “Hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil”.
Ayhan
15:02 10.09.2026
Oxunuş sayı: 166