iPhone-nin reklam strategiyası - Avropada heç kim almır, Azərbaycanda isə növbə var
Sosial şəbəkələrdə xüsusilə iPhone və digər bahalı texnoloji cihazların reklamına tez-tez rast gəlinir. Bu məhsulların təbliği yalnız mövcud tələbatın qarşılanmasına hesablanır, yoxsa insanlarda yeni cihaz almaq istəyini daha da gücləndirir? Reklamlar bir məhsulu sadəcə tanıtmaqla kifayətlənmir, onu gündəlik həyatın və sosial statusun bir hissəsi kimi də təqdim edə bilir. Xüsusilə yeniyetmə və gənclər arasında yeni modelə sahib olmaq bəzən prestij göstəricisinə çevrilir. Belə olduqda istehlakçının marağı yalnız ehtiyacla deyil, reklamın yaratdığı istəklə də formalaşa bilər. Bəs texnoloji məhsulların, xüsusilə iPhone kimi cihazların sosial şəbəkələrdə bu qədər geniş təbliğinin əsas səbəbi nədir? Bu reklamlar mövcud marağa cavab verir, yoxsa insanlarda daha böyük alıcılıq istəyi yaradır?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə texnoloji məhsulların geniş təbliğ olunmasının əsas səbəblərindən biri bazarın buna hazır olmasıdır:
“Sosial şəbəkələrdə müxtəlif şirkətlərin məhsullarının — aksesuarların və mobil daşıyıcıların bu şəkildə geniş təbliğ olunması zaman-zaman artmağa başladı. İndiki dövrdə isə bu təbliğat və reklamlar özünü daha qabarıq göstərir. Qeyd etmək lazımdır ki, bir tərəfdən sosial şəbəkə və platformaların yeni tətbiq üsulları məhz bu texniki cihazlar vasitəsilə reallaşır. Bu, geniş bir informasiya və sosial media mühitini daha da zənginləşdirir.
İkinci tərəfdən isə bu, təbii ki, insanların maraqlarına hesablanmış bir məsələdir. Çünki alıcılıq qabiliyyəti və tələbatlar göstərir ki, insanlar bu qəbildən olan məhsulları daha tez-tez dəyişir və yenisinə müraciət edirlər.

Bu baxımdan, təbliğatın belə geniş yayılmasının ana səbəblərindən biri bazardır, yəni bazarın buna hazır olmasıdır. Bu təbliğat sadəcə məhsulun reklamı olmaqla kifayətlənmir, həm də alıcılıq qabiliyyətinə hesablanmış bir məsələdir. Ümumiyyətlə, bu istiqamətdə alıcılıq qabiliyyəti həm ölkəmizdə, həm də dünyada çox genişdir.
İzləyici kateqoriyasına nəzər salsaq görərik ki, yeniyetmələr və gənclər bu məhsulların yenilərindən daha tez-tez istifadə edirlər. Ancaq maraqlı bir cəhət var ki, çox inkişaf etmiş müəyyən Avropa ölkələrində alıcılıq qabiliyyəti bu istiqamətdə o qədər də yüksək deyil. Məsələn, insanlar uzun müddət ən sadə cihazlar və mobil ötürücülərlə kifayətlənirlər; sosial şəbəkələrdən daha az istifadə edir və bu cür reklam vasitələrinin izləyicisinə çevrilmirlər.
Ölkəmizdə isə insanlar bu sahəyə — texnoloji cihazlara və vasitələrə həddindən artıq vəsait xərcləyirlər. Sanki bir-biri ilə yarışa girərək daha yeni məhsulu əldə etməyi və işlətməyi özləri üçün bir dəyər göstəricisi kimi qəbul edirlər. Bu vəziyyət bir çox ölkələrdə də belədir.
Ancaq qeyd etdiyim kimi, elə ölkələr var ki, onlar bu baryeri çoxdan keçiblər. Yəni vətəndaşların böyük əksəriyyəti texniki cihazların müasir formalarına deyil, ənənəvi və əvvəlki seriyalarına daha çox üstünlük verirlər. Çünki onları təhlükəsizlik və ultraşüalanmanın azlığı baxımından daha əlverişli hesab edirlər.
Yekun olaraq qeyd etməliyik ki, sosial şəbəkələrdə və mediada bu aksesuarların, mobil cihazların təbliğatının əsas göstəricisi bazarın həddindən artıq alıcılıq qabiliyyətinə malik, yüksək və çevik olmasıdır.”
Zeynəb Həsən
15:30 10.09.2026
Oxunuş sayı: 45