Norveç sahillərində nə baş verir?
Böyük Britaniya, Norveç və ABŞ bu ilin yazında Şpitsbergen arxipelaqı yaxınlığında Rusiyanın dərin dəniz infrastrukturu ilə bağlı gizli əməliyyatını dayandırıb.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Məlumata görə, əməliyyatda Rusiyanın Baş Qərargahının Baş Dərin Dəniz Tədqiqatları İdarəsinə (GUGİ) aid sualtı vasitələr iştirak edib. Qərb rəsmilərinin bildirdiyinə görə, Rusiya hərbçiləri dəniz dibində yerləşən kritik infrastrukturun sıradan çıxarılması üçün nəzərdə tutulan texnologiyanın tətbiqini simulyasiya ediblər.
Əməliyyatın mümkün hədəflərindən biri Şpitsbergeni Norveçin materik hissəsi ilə birləşdirən sualtı optik kabellər olub. Bu kabellər Svalbard peyk stansiyasının məlumatlarının ötürülməsində mühüm rol oynayır.
Məlumata görə, NATO ölkələrinin qüvvələri Rusiya sualtı vasitələrinin fəaliyyətini izləyib və onların təlimlərini başa çatdırmasına imkan verməyib. Gəmilər daha sonra ərazini tərk edib.
Qərb rəsmiləri hesab edir ki, insident zamanı kabel və digər infrastruktur obyektlərinə zərər vurulmayıb. Onların qiymətləndirməsinə görə, Rusiya bu fəaliyyətlə mümkün birbaşa NATO-Rusiya qarşıdurması zamanı istifadə oluna biləcək imkanları sınaqdan keçirib.
Şpitsbergen ətrafındakı sualtı infrastruktur son illərdə NATO üçün xüsusi əhəmiyyət daşıyır. Alyans regionda kritik infrastrukturu qorumaq və Rusiya ilə bağlı potensial hibrid təhdidlərin qarşısını almaq məqsədilə müşahidə və patrul fəaliyyətlərini gücləndirib.
14:20 10.09.2026
Oxunuş sayı: 39