Aİ-nin enerji planında UĞURSUZLUQ SİQNALI
Avropa İttifaqının Rusiyanın enerji resurslarından asılılığı azaltmaq məqsədilə həyata keçirdiyi REPowerEU planının icrasında ciddi çatışmazlıqlar yaranıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, REPowerEU çərçivəsində enerji keçidi və Rusiyadan enerji asılılığının aradan qaldırılması üçün nəzərdə tutulan investisiyaların icrası planlaşdırılan səviyyədən xeyli geri qalır. Avropa Auditorlar Məhkəməsinin məlumatına görə, ilkin olaraq təxminən 300 milyard avro həcmində investisiya ehtiyacı müəyyən edilsə də, indiyədək bunun yalnız 54,3 milyard avrosu öhdəliyə götürülüb.
Avropa İttifaqı son illərdə Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Rusiya qazının Aİ-nin ümumi qaz idxalındakı payı 2022-ci ildəki 45 faizdən 2025-ci ildə 12 faizə düşüb. Rusiya neftinin idxalındakı pay isə 2022-ci ilin əvvəlindəki 27 faizdən 2025-ci ildə 2 faizə enib.
Bununla belə, Avropa hələ də enerji idxalından ciddi şəkildə asılıdır. Avropa Komissiyasının məlumatına görə, 2025-ci ildə Aİ 36 milyard kubmetr Rusiya qazı və 9,7 milyon ton Rusiya xam nefti idxal edib.
Enerji bazarındakı vəziyyəti Avropanın qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması da çətinləşdirir. Hazırda anbarlardakı qaz ehtiyatları ötən illə müqayisədə daha aşağı səviyyədədir və bu, qarşıdakı qış dövründə qiymətlərin artması riskini yüksəldir.
Digər tərəfdən, Aİ Rusiyadan qaz idxalının tam dayandırılması istiqamətində hüquqi addımlar da atıb. REPowerEU çərçivəsində Rusiya mayeləşdirilmiş təbii qazının idxalının 2026-cı ilin sonunadək, boru kəməri ilə qaz idxalının isə ən gec 30 noyabr 2027-ci ilədək dayandırılması nəzərdə tutulur.
Beləliklə, Aİ Rusiya enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaltsa da, REPowerEU planının maliyyələşdirilməsi və enerji keçidi ilə bağlı qarşıya qoyulan hədəflərin icrasında problemlərin qaldığı bildirilir.
13:55 10.09.2026
Oxunuş sayı: 43