Cənubi Qafqaz böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir - zərər çəkə bilərik
Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən Cənubi Qafqaz üzrə “3+3” regional əməkdaşlıq platformasının fəaliyyətini davam etdirmək niyyəti regionda siyasi dialoq və əməkdaşlıq məsələlərini yenidən gündəmə gətirib. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulan format Cənubi Qafqaz ölkələri ilə regional güclər arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi üçün yaradılıb.
Platformanın gələcək fəaliyyəti regionda kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan üçün “3+3” formatı regional proseslərdə fəal iştirak və qonşu ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi baxımından diqqət çəkir.
Politoloq Zərdüşt Əlizadə 3+3 formatının Cənubi Qafqaz ölkələri və üç regional dövlətin ümumi maraqlarına cavab verən təşəbbüs olduğunu Crossmedia.az-a açıqlamasında bildirib: “3+3 formatı üç Cənubi Qafqaz respublikası və üç böyük regional dövlətin ümumi maraqlarına cavab verən bir təklifdir. Açıq etiraf edək ki, biz kiçik dövlətlərik. Cənubi Qafqazda Gürcüstan, Ermənistan və Azərbaycan böyük dövlətlər deyil. Biz istəmirik ki, Cənubi Qafqaz böyük dövlətlərin rəqabət meydanına çevrilsin. Çünki böyük dövlətlər arasında rəqabət baş verdikdə kiçik dövlətlər bundan zərər çəkə bilər. Böyük dövlətlərin Cənubi Qafqaza daxil olaraq burada rəqabət aparması region ölkələrinin maraqlarına uyğun deyil”.

Politoloqun sözlərinə görə, 3+3 formatında nəzərdə tutulan Rusiya, Türkiyə və İranın da regionda kənar böyük dövlətlərin təsirinin artmasında marağı yoxdur: “Deməli, 3+3 formatı hər iki üçlüyün maraqlarına cavab verir. Bu format Cənubi Qafqaz xalqlarının da mənafeyinə uyğundur, çünki regionun böyük dövlətlər arasında rəqabət meydanına çevrilməsinin qarşısını almağa xidmət edə bilər. Eyni zamanda, üç böyük regional dövlətin də maraqlarına cavab verir”.
Zərdüşt Əlizadə qeyd edib ki, hazırda regionda müəyyən siyasi ziddiyyətlər və qarşılıqlı inamsızlıq mövcuddur: “Azərbaycan-Rusiya münasibətlərində inamsızlıq, Ermənistan-Rusiya münasibətlərində inciklik, Gürcüstan-Rusiya münasibətlərində isə inamsızlıq mövcuddur. Buna baxmayaraq, mahiyyət etibarilə 3+3 formatı həm Cənubi Qafqaz xalqlarına və respublikalarına, həm də regionun üç böyük dövlətinə fayda gətirə biləcək bir layihədir. Hələlik bununla bağlı qəti nəticədən danışmaq mümkün deyil və müəyyən şübhələr mövcuddur. Amma ümumilikdə 3+3 sağlam və perspektivli ideyadır”.
Nigar Xəlilli
14:30 10.09.2026
Oxunuş sayı: 43