Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırıb
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə dövlət maraqlarını əsas götürən, intellektual, obyektiv və dürüst müxalifətin formalaşmasına ehtiyac olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı respublikanın 21 icmasında keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrini şərh edib. O, hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi icmalarda 80%-dən və 90%-dən çox səs toplamasından məmnun olmadığını bildirib və bu göstəricilərin müəyyən assosiasiyalar yaratdığını vurğulayıb.
Baş nazir seçkilərin nəticələrinin ölkədə avtoritarizm və diktatura təsəvvürü yaratmamasının, obyektiv ictimai nəzarət mexanizminin təmin edilməsinin vacibliyini qeyd edib.
Paşinyan, həmçinin Ermənistanda yalnız seçiciləri və vətəndaşları qarşısında məsuliyyət daşıyan, dövlət maraqlarını əsas götürən müxalifətin formalaşmasının zəruriliyini vurğulayıb. O, bu məsələlərin diqqətlə nəzərdən keçirilməli olduğunu bildirib.
19:46 26.10.2026
Oxunuş sayı: 49