Azərbaycan və Qırğızıstan prokurorluqları arasında beynəlxalq əməkdaşlıq müzakirə edilib
Baş prokuror Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini Çingiz Aşirbekoviç Axmatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Crossmedia.az xəbər verir ki, Baş prokuror Azərbaycan və Qırğızıstan xalqlarını birləşdirən ortaq türk köklərinin, dini və mədəni dəyərlərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb.
Dövlət başçıları arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Baş prokuror Qırğızıstan Prezidenti Sadır Japarovun 2026-cı ilin mayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana, eləcə də oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitində iştirak etmək məqsədilə Bakıya səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Qırğızıstan prokurorluq orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətmiş şəxslərin ekstradisiyası, axtarışda olan şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsi, habelə korrupsiya və digər transmilli cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsinin genişləndirilməsi və qabaqcıl təcrübənin paylaşılmasının vacibliyi vurğulanıb.
Çingiz Axmatov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin, qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın və müasir kommunikasiya texnologiyalarının tətbiqi ilə maraqlandığını bildirib. Bu xüsusda, kibertəhlükəsizliyin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin aşkarlanması və araşdırılması, elektron sübutların əldə edilməsi və təhlili, habelə bu sahələrdə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşün sonunda prokurorluq orqanları arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
16:48 26.10.2026
Oxunuş sayı: 54