İşləməyən vətəndaşlar da dəfn müavinəti ala bilər? - Deputatdan açıqlama
Azərbaycanda dəfn xərclərinin dövlət tərəfindən müəyyən hissəsinin qarşılanması "Dəfn üçün birdəfəlik müavinət" (dəfn pulu) vasitəsilə həyata keçirilir. Bu ödəniş, vəfat edən şəxsin kateqoriyasından asılı olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən dəfn xərclərini çəkmiş şəxsə (yaxınlarına və ya vərəsələrinə) birdəfəlik şəkildə ödənilir. Sığortaolunanlara ödənilən dəfn üçün müavinətin məbləği 600 manat, əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında - 960 manat müəyyən olunub. Lakin pensiya almayan və işləməyən vətəndaşlar bu müavinətlərdən məhrumdurlar. Bəs nə üçün bu vətəndaşlara dəfn müavinəti ayrılmır? Digər sual isə bu müavinətin dəfn xərclərini nə qədər qarşılaya bilməsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:
“Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də dəfn müavinətlərinə yenidən baxılması və bunun bütün vətəndaşlarımıza şamil edilməsi ilə bağlıdır.
Nəzərə alsaq ki, mövcud qaydalara əsasən, dəfn müavinətləri işləyən və ya pensiya alan vətəndaş dünyasını dəyişdiyi zaman ödənilir, lakin bəzi vətəndaşlarımız çalışmır və ya pensiya yaşına çatmadan vəfat edirlər. Həmin vətəndaş dünyasını dəyişdiyi zaman ailəsinə dəstək göstərilməsi, dəfn pulunun verilməsi məsələsi çox vacibdir.
Bizim təklifimiz odur ki, dəfn müavinətləri yalnız pensiya alan və çalışan vətəndaşlara deyil, digər vətəndaşlara da şamil edilsin. Bundan əlavə, dəfn müavinətlərinin məbləğinə yenidən baxılsın və artırılsın. Çünki bu müavinətlər dünyasını dəyişən insanın ailəsinə həqiqətən ciddi dəstək ola bilər”.
Ayhan
16:15 26.10.2026
Oxunuş sayı: 107