Yəməndə hərbi bazaya raket hücumu: 75 ölü, 200-dən çox yaralı
Yəmənin Şəbvə əyalətində Səudiyyə Ərəbistanının idarə etdiyi hərbi bazaya husilərin ballistik raketlərlə hücumu nəticəsində azı 75 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri bu barədə Səudiyyə Ərəbistanı və Yəmən rəsmilərinə, eləcə də hadisə şahidlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-da baş verən hücum zamanı ölən və yaralananlar arasında Səudiyyə Ərəbistanı hərbçiləri də olub.
Hadisənin təfərrüatları ilə tanış olan rəsmilərin sözlərinə görə, bu, yeni müharibənin başlanmasından bəri husilərin ən çox insan tələfatına səbəb olan tək hücumudur.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı zabitləri yeni cəlb edilmiş yerli qüvvələr üçün təlimə başlayarkən bir neçə dəqiqə ərzində “Əl-Aləm” hərbi düşərgəsinə üç ballistik raket düşüb.
Şahidlərin bildirdiyinə görə, hücum zamanı bazada dörd batalyonun şəxsi heyəti toplaşıb. Sonrakı raketlərdən biri ilk partlayışdan sonra ərazidən qaçaraq xilas olmağa çalışan hərbçilərin olduğu yerə düşüb.
Hücumdan bir neçə gün əvvəl hərbi bazanın üzərində pilotsuz uçuş aparatlarının müşahidə edildiyi də bildirilir.
Ölən və yaralananların yaxınları yerli yəmənli komandiri mümkün hücum barədə xəbərdarlıqlara məhəl qoymamaqda ittiham ediblər.
Rəsmilərin sözlərinə görə, bazada nə hava hücumundan müdafiə, nə də erkən xəbərdarlıq sistemləri olub.
Hadisədən sonra Şəbvə əyalətinin yerli hakimiyyət orqanları Səudiyyə Ərəbistanından bu sistemlərin təcili şəkildə təmin edilməsini tələb ediblər.
14:42 26.10.2026
Oxunuş sayı: 50