Yanacaqlı avtomobillər qadağan edilir - son vaxt açıqlandı
Dünyada avtomobil nəqliyyatının elektrikləşdirilməsi istiqamətində atılan addımlar yanacaqla işləyən avtomobillərin gələcəyini gündəmə gətirir. Böyük Britaniyada yeni benzin və dizel avtomobillərinin satışının 2030-cu ildən mərhələli şəkildə dayandırılması, 2035-ci ilədək isə yeni avtomobillərin sıfır emissiyalı olması hədəflənir. Azərbaycanda da elektrikli avtomobillərin istifadəsinin genişləndirilməsi və enerji doldurma infrastrukturunun inkişafı prioritet istiqamətlərdəndir. Lakin mövcud avtomobil parkının yenilənməsi, elektrikli avtomobillərin qiyməti, enerji doldurma məntəqələrinin əlçatanlığı və vətəndaşların alıcılıq imkanları bu keçidin əsas şərtlərindəndir. Bəs Azərbaycanda yanacaqla işləyən avtomobillərdən elektrikli nəqliyyata keçid nə dərəcədə realdır və mövcud avtomobillərin hamısını elektrikli modellərlə əvəzləmək mümkün olacaqmı?
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında elektrik və hibrid avtomobillərə keçidin yalnız qanunvericilik və müəyyən edilmiş hədəflərlə məhdudlaşmadığını, bunun üçün ölkədə müvafiq infrastrukturun və iqtisadi imkanların yaradılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, prosesin uğuru avtomobillərin qiymətindən tutmuş ehtiyat hissələrinin və servis xidmətlərinin əlçatanlığına qədər bir sıra amillərdən asılıdır.

Ekspert elektrik və hibrid avtomobillərin ölkədə istehsalı və ya onların texniki təminatının təşkili məsələsinə diqqət çəkib:
“Düşünürəm ki, 2035-ci ilə qədər qarşıya qoyulan hədəfə çatmaq üçün mərhələli şəkildə çalışmaq lazımdır. İlk növbədə, bu sahədə texnoloji imkanlar genişləndirilməli, elektrik və hibrid avtomobillərin istehsalı, ehtiyat hissələrinin təminatı və digər zəruri proseslər ölkədə təşkil olunmalıdır. Əgər bunlar mümkün olmazsa və bütün ehtiyaclar xaricdən idxal hesabına qarşılanarsa, bu, vətəndaşlar üçün əlavə çətinliklər yarada bilər”.
Aslan Əsədovun fikrincə, avtomobillərin alınması ilə yanaşı, onların təmiri və texniki xidmətinin əlçatan olması da istehlakçıların seçimində mühüm rol oynayır:
“Vətəndaş elektrik və ya hibrid avtomobil alarkən onun ehtiyat hissələrinin tapılmasını, təmirini və servis xidmətlərini də nəzərə alır. Əgər ehtiyat hissələri əlçatan deyilsə, avtomobilin təmiri üçün günlərlə, hətta daha uzun müddət gözləmək lazım gəlirsə, bu, həmin nəqliyyat vasitələrinə marağı azalda bilər. Buna görə də alternativ yanacağa keçid zamanı yalnız avtomobilin özünü deyil, onun istifadəsi üçün lazım olan bütün imkanları da düşünmək lazımdır”.
Ekspert keçidin iqtisadi tərəfinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:
“Əsas şərtlərdən biri maliyyə məsələsidir. Yeni avtomobillərin alınması və istismarı vətəndaşlar üçün iqtisadi baxımdan əlçatan olmalıdır. Maliyyə imkanları nəzərə alınmadıqda, qarşıya qoyulan hədəflərin həyata keçirilməsi alıcılar üçün müəyyən problemlər yarada bilər. Nəzəri cəhətdən bu keçid mümkündür, amma əsas sual Azərbaycanın praktiki baxımdan buna nə dərəcədə hazır olmasıdır”.
Aslan Əsədov bildirib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün infrastrukturun yaradılması və servis xidmətlərinin inkişafı uzunmüddətli, ardıcıl iş tələb edir:
“İlk növbədə, infrastruktur məsələsi həll edilməlidir. Elektrik və hibrid avtomobillərə keçid üçün onların əlçatanlığı, iqtisadi imkanlar, təmir məntəqələri, ustalar və servis xidmətləri təmin olunmalıdır. Bunların hamısını qısa müddətdə yaratmaq mümkün deyil, müəyyən vaxt tələb olunur. Ancaq düzgün planlaşdırma və ardıcıl fəaliyyətlə bu müddəti səmərəli qiymətləndirmək və qarşıya qoyulan məqsədə doğru irəliləmək mümkündür”.
Nigar Xəlilli
17:00 26.10.2026
Oxunuş sayı: 359