Rusiya ordusunda əsgər çatışmazlığı – Afrikada hərbi cəlbetmə artır
Rusiya ordusunda şəxsi heyət çatışmazlığı fonunda Ukraynaya qarşı müharibəyə Afrika ölkələrindən cəlb edilən şəxslərin sayının kəskin artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Ukrayna kəşfiyyatının məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, 2026-cı ildə Burundidən Rusiya ordusuna 699 nəfər cəlb edilib. Halbuki 2025-ci il ərzində bu göstərici cəmi 30 nəfər olub.
Zimbabvedən cəlb olunanların sayı isə ötən il 65 nəfər olduğu halda, bu il 530 nəfərə çatıb.
Hərbi xidmətə cəlbetmə hallarının artması Syerra-Leone, Sudan, Kamerun və Konqo Demokratik Respublikasında da qeydə alınıb.
Agentliyin məlumatına əsasən, bəzi Afrika ölkələrinin hökumətləri Rusiyanın xarici vətəndaşları hərbi xidmətə cəlbetmə üsullarından narahatlıqlarını ifadə ediblər.
İddialara görə, bəzi şəxslər Rusiyaya mülki sahədə işlə təmin olunacaqları vədi ilə aparılır, lakin sonradan Ukraynadakı hərbi əməliyyatlara göndərilirlər.
Ukrayna kəşfiyyatının məlumatına görə, indiyədək 151 ölkədən Rusiya ordusu ilə müqavilə bağlamış 45 959 xarici vətəndaş müəyyən edilib.
Onların 5 451 nəfərinin Afrika ölkələrinin vətəndaşları olduğu bildirilir.
17:00 26.10.2026
Oxunuş sayı: 54