Minilliklərin sirrini açan qızıl üzüklər tapılıb
Taylandda aparılan arxeoloji qazıntılar zamanı üzərində qədim Brahmi yazıları olduğu ehtimal edilən qızıl üzüklər və digər qiymətli artefaktlar aşkarlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tapıntılar Cənubi Asiya ilə indiki Tayland ərazisində yaşayan qədim icmalar arasında erkən əlaqələrin olduğunu göstərə bilər.
Brahmi yazı sistemi qədim Cənubi Asiyada yaranıb və bu gün regionda istifadə olunan bir sıra yazı sistemlərinin əcdadı hesab olunur. Yazı xüsusilə eramızdan əvvəl III əsrdə imperator Aşokanın hakimiyyəti dövründə rəsmi kitabələrdə geniş istifadə edilib və mühüm məlumatlar qayalarda və sütunlarda həkk olunub.
Arxeoloji qazıntı aparılan məzar bu il yerli sakinlər tərəfindən təsadüfən aşkarlanıb. Düyü tarlasında işləyən insanlar qədim bürünc nağara taparaq bu barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər.
2026-cı ilin fevralında başlayan qazıntılar zamanı arxeoloqlar 8 skelet, keramika nümunələri, bürünc və dəmir əşyalar, həmçinin qızıl üzüklər aşkar ediblər. Skeletlərin üzlərinin şimal-şərq istiqamətinə yönəldilməsi və başlarının üzərində bürünc əşyanın yerləşdirilməsi alimlərə həmin şəxslərin cəmiyyətdə yüksək mövqeyə malik ola biləcəyini düşünməyə əsas verib.
Arxeoloqlar qızıl üzüklərin sahibinin Vayşya varnalarına mənsub ola biləcəyini ehtimal edirlər. Bu təbəqəyə qədim Hindistan cəmiyyətində tacirlər, əkinçilər və alverçilər daxil idi.
Alimlərin fikrincə, həmin tacirlər Brahmi yazıları olan müxtəlif əşyaları Cənub-Şərqi Asiyanın fərqli bölgələrinə aparmış ola bilərlər. Krabi və Çumphon ərazilərindəki arxeoloji abidələrdə möhürlər və digər bəzək əşyaları üzərində oxşar yazıların aşkarlanması Cənubi Asiya ilə indiki Tayland ərazisindəki qədim icmalar arasında erkən ticarət və mədəni əlaqələrin mümkünlüyünü göstərir.
23:45 05.09.2026
Oxunuş sayı: 39