Azərbaycan dilinə belə münasibət olar? – Şirkətlərin SMS-ləri gündəmdə
Azərbaycan dili Azərbaycan Respublikasında rəsmi status daşıyır. Bu qaydaları bilən böyük və tanınmış şirkətlərin müştərilərə göndərdiyi SMS-lərdə dil qaydalarının pozulması Azərbaycan xalqına edilən hörmətsizlikdir. Bu məsələ artıq diqqətdən kənarda qala biləcək məsələ deyil. Xüsusilə milyonlarla insanın gündəlik istifadə etdiyi mobil operatorların mesajlarında rast gəlinən yazı və ifadə səhvləri şirkətlərin korporativ kommunikasiya siyasəti ilə yanaşı, Azərbaycan dilinə münasibət məsələsini də gündəmə gətirir.
Müştəriyə göndərilən SMS sadəcə bir neçə sözdən ibarət texniki bildiriş deyil. Bu, şirkətin vətəndaşla birbaşa ünsiyyət vasitəsidir. Tarif dəyişiklikləri, internet paketləri, ödənişlər, kampaniyalar, xidmətlərin aktivləşdirilməsi və digər məlumatlar məhz bu mesajlar vasitəsilə milyonlarla abonentə çatdırılır. Belə bir kommunikasiya kanalında Azərbaycan dilinin düzgün və səlis işlədilməsi şirkətin ən adi məsuliyyətlərindən biri olmalıdır.
Lakin praktikada bunun əksini göstərən nümunələrə rast gəlmək mümkündür. Bəzi SMS-lərdə sözlərin yanlış yazılması, cümlələrin qrammatik baxımdan düzgün qurulmaması, durğu işarələrinin ya ümumiyyətlə işlədilməməsi, ya da səhv yerləşdirilməsi diqqət çəkir. Daha ciddi problem isə Azərbaycan əlifbasına xas hərflərin düzgün istifadə edilməməsidir. “Ə”, “ı”, “ö”, “ü”, “ğ”, “ş” və “ç” hərflərinin başqa simvollarla əvəzlənməsi bəzi hallarda mesajın oxunmasını belə çətinləşdirir.
Bəzən isə ortaya Azərbaycan dilində yazılmış SMS yox, başqa dildən sözbəsöz tərcümə edilmiş mətn təsiri bağışlayan ifadələr çıxır. Cümlə formal olaraq Azərbaycan dilində olsa da, onun quruluşu, söz seçimi və ifadə tərzi ana dilimizin təbii qaydalarına uyğun gəlmir. Bu isə xüsusilə böyük şirkətlər üçün ciddi sual doğurur: Müştərilərə göndərilən mesajlar yayımlanmadan əvvəl ümumiyyətlə redaktə olunurmu?
Çünki söhbət kiçik bir şəxsi bloqdan və ya sosial şəbəkədə adi istifadəçinin paylaşımından getmir. Söhbət geniş müştəri bazasına malik, peşəkar kommunikasiya və marketinq komandaları olan, böyük maliyyə imkanlarına sahib şirkətlərdən gedir. Belə şirkətlərin bir SMS-i milyonlarla telefona eyni anda göndərilə bilər. Deməli, həmin mesajdakı bir səhv də milyonlarla insanın qarşısına çıxır.
Burada məsələ yalnız dilçiliklə məhdudlaşmır. Şirkət müştərisinə göndərdiyi rəsmi bildirişin məzmununa necə diqqət yetirirsə, onun dilinə də eyni məsuliyyətlə yanaşmalıdır. Müştəridən ödənişi vaxtında tələb edən, müqavilə şərtlərinə əməl etməsini gözləyən şirkətin öz kommunikasiya vasitəsində ən elementar dil qaydalarına əməl etməməsi isə müəyyən mənada ziddiyyətli mənzərə yaradır.
Xüsusilə mobil operatorların bu məsələdə məsuliyyəti daha böyükdür. Çünki onların SMS-ləri yalnız müəyyən bir sosial və ya peşəkar qrupun deyil, cəmiyyətin demək olar ki, bütün təbəqələrinin qarşısına çıxır. İnsanlar bu mesajları gündəlik oxuyur və həmin yazılış formaları müəyyən mənada dil mühitinin bir hissəsinə çevrilir. Davamlı şəkildə yanlış yazılan sözlər və qeyri-düzgün ifadələr isə dilə qarşı diqqətsiz münasibətin normallaşmasına səbəb ola bilər.
Təbii ki, hər bir SMS-də texniki məhdudiyyətlərin, simvol sayının və müxtəlif platformaların yaratdığı problemlərin ola biləcəyini də nəzərə almaq lazımdır. Lakin texniki məhdudiyyət Azərbaycan dilinin tamamilə təhrif olunmasına bəraət qazandırmamalıdır. Şirkət mesajı qısa etməli ola bilər, amma qısa mətn də düzgün yazıla bilər.
Əslində, burada şirkətlərin özlərinə də bir sual verməsi lazımdır: Azərbaycan dilində mesaj hazırlamaq niyə bu qədər çətin olmalıdır? Bir SMS-in göndərilməsindən əvvəl onun dil baxımından yoxlanılması böyük vəsait və ya mürəkkəb texnologiya tələb etmir. Bunun üçün sadəcə məsuliyyətli yanaşma və peşəkar redaktə kifayətdir.
Bu səbəbdən şirkətlərin SMS siyasətinə münasibət dəyişməlidir. Müştəriyə göndərilən hər bir kütləvi mesaj reklam və ya texniki bildiriş kimi deyil, həm də ictimai kommunikasiya məhsulu kimi qəbul edilməlidir. İri şirkətlər Azərbaycan dilinin düzgün istifadəsinə nümunə göstərməli, öz kommunikasiya materiallarını yayımlanmadan əvvəl dil baxımından yoxlamalıdır.
Əks halda ortaya qəribə mənzərə çıxır: şirkətlər müasir texnologiyalardan istifadə edir, milyonlarla manatlıq reklam kampaniyaları keçirir, peşəkar marketinq strategiyaları hazırlayır, lakin müştərinin telefonuna göndərdikləri bir neçə cümləni Azərbaycan dilinin qaydalarına uyğunlaşdırmağa kifayət qədər diqqət ayırmırlar.
Bu isə artıq sadə “hərf səhvi” məsələsi deyil. Bu, korporativ mədəniyyət, müştəriyə hörmət və dövlət dilinə münasibət məsələsidir. Böyük şirkətlər öz fəaliyyətlərinin hər detalında peşəkarlıq nümayiş etdirməyə çalışırlarsa, bu peşəkarlıq onların müştəriyə göndərdiyi bir SMS-dən də görünməlidir.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, nazirlik yalnız mədəniyyət sahəsinə aid məsələlər üzrə fəaliyyət göstərir və bu istiqamətdə daxil olan müraciətlərə səlahiyyətləri çərçivəsində baxır:
“Kütləvi mesajlarda Azərbaycan dilinin qrammatik və orfoqrafik normalarına riayət olunması ilə bağlı qeyd etdiyiniz məsələ Nazirliyin səlahiyyətlərinə aid olmadığından, məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz xahiş olunur”.
Qeyd edək ki, redaksiya olaraq məsələni araşdırmağa davam edirik.
Məhəbbət Tərlanoğlu
18:05 01.09.2026
Oxunuş sayı: 98