Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və münaqişə mərhələsindən sonra regionda yeni siyasi reallıqlar formalaşır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlər, sülh sazişinin paraflanması və kommunikasiyaların açılması ilə bağlı atılan addımlar Cənubi Qafqazın gələcək siyasi-iqtisadi arxitekturasının dəyişməkdə olduğunu göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Cənubi Qafqazın artıq münaqişə deyil, sülh və əməkdaşlıq regionuna çevrildiyini bəyan etməsi də bu yeni mərhələnin siyasi mahiyyətini ortaya qoyur. Xüsusilə ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin praktiki mərhələyə keçməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Bu proses artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması və ölkəmizdən Ermənistana neft məhsullarının göndərilməsi iki ölkə arasında iqtisadi münasibətlərin real müstəvidə formalaşmağa başladığını göstərir. Kommunikasiyaların, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının bərpası isə Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm qovşaqlarından birinə çevirə biləcək potensiala malikdir.
Beləliklə, Azərbaycan-Ermənistan normallaşması təkcə iki ölkə arasındakı münasibətlərin gələcəyini deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsini müəyyənləşdirən əsas proseslərdən birinə çevrilir. Qarşıdurmadan əməkdaşlığa keçid mərhələsində kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı iqtisadi asılılığın formalaşması Cənubi Qafqazda davamlı sülhün əsas dayaqlarından biri ola bilər.

Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturası formalaşır:
“İki günlük görüşdə ölkə Prezidenti cənab İlham Əliyev bəyan edib ki, artıq Qafqaz münaqişə regionu deyil, Cənubi Qafqaz əməkdaşlıq və sülh regionuna çevrilir. Əlbəttə, Azərbaycanın həyata keçirdiyi siyasət, Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmiz bölgədə, xüsusilə Cənubi Qafqazda nəqliyyat-logistika və yaşıl enerji sahələrində mühüm mövqeyə malikdir. Azərbaycan bütövlükdə Cənubi Qafqazın ən böyük iqtisadiyyatına sahib ölkədir.
Ermənistanla Azərbaycan arasında ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşlərdən sonra sülhə doğru çox önəmli addımlar atılıb. Məlumdur ki, sülh müqaviləsinin paraflanması həyata keçirilib. Hazırda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklər keçir, eləcə də Azərbaycan Ermənistana biznes maraqları çərçivəsində neft məhsulları göndərir.
Əlbəttə, burada Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addımların atılması da gözlənilir. Bu kimi proseslər bir daha göstərir ki, sülh istiqamətində praktiki fəaliyyət artıq öz həllini tapmaqdadır. O cümlədən iqtisadi əlaqələrin inkişafı üçün də yeni imkanlar yaranır.
Qarşılıqlı ticarət əlaqələrinin qurulması mümkündür. Kommunikasiyalar açıldıqdan sonra Ermənistanın yük daşımalarında mühüm rol oynayacaq nəqliyyat marşrutlarının Azərbaycan ərazisindən keçməsi gözlənilir. Sonrakı mərhələlərdə qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bir çox məhsullar üzrə ticarət mübadiləsinin həyata keçirilməsi perspektivləri də mövcuddur.
Ən başlıcası isə, ölkə Prezidentinin qeyd etdiyi kimi, bölgədə yeni bir arxitektura formalaşır və iqtisadi əlaqələrin qurulması və genişləndirilməsi üçün çox böyük perspektivlər yaranır.”
Zeynəb Həsən
18:15 01.09.2026
Oxunuş sayı: 89